“Sevgilim yox, arvadım olub...”

sevgilim-yox-arvadim-olub
Oxunma sayı: 2321

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda sevgilisinin qaldığı evə basqın edərək 1 nəfəri öldürüb, 2-sini yaralamaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Sənan Məmmədov deyib ki, öldürdüyü Mahirə Əliyeva sevgilisi yox, arvadı olub: “İttihamda yazılıb ki, sevgilim olub. Buna görə də iş düzgün aparılmayıb. Cinayət işinin istintaqa qaytarılmasını istəyirəm”.
Onun vəsatəti təmin edilməyib. Proses oktyabrın 31-də davam etdiriləcək.

İttihama görə, S.Məmmədov keçmiş sevgilisi 1989-cu il təvəllüdlü Mahirə Əliyevanın kirayədə yaşadığı “Sovetski”dəki evə basqın edib. Aralarında baş verən mübahisə zamanı S.Məmmədova keçmiş sevgilisini və ev sahibi, 1967-ci il təvəllüdlü Mətanət Həsənovanı və onun oğlu, 1991-ci il təvəllüdlü Laçın Həsənovu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən M.Əliyeva orada vəfat edib.

Murad Əhməd