Sevgilisi olmayan müğənnilər...

sevgilisi-olmayan-mugenniler
Oxunma sayı: 3496


Ancaq təəssüf hissi qeyd edək ki, Azərbaycanda sevgililər günü kimi qeyd olunan 30 iyunda şəhərimizdə heç də bayram ab-havası yaşanmır. Artıq bir neçə ildir ki, ölkədə qeyd olunan bu günün tarixi 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. 

Amma bu da faktdır ki, bütün dünya sevgililər gününü 14 fevralda qeyd edir. Ona görə də maraqlıdır, zamanla Azərbaycanda 14 fevral unudulacaqmı? Yoxsa hər iki tarix - həm 14 fevral, həm də 30 iyun sevgililər arasında qeyd olunmağa davam edəcək? Yaşayarıq görərik. 

Biz isə şou-biznes əhlinə sual edib, onların bu bayramı nə vaxt qeyd etdiklərini və dünənki sevgililər gününü necə keçirdiklərini soruşduq. Aydın oldu ki, bir çox subay, gənc ifaçılarımız nəinki bu günü sevgilisiz keçiriblər, bəziləri hətta ilk sevginin nə olduğunu da bilmir... Ailə həyatı qurub uğursuzluqlarla üzləşən ifaçılarımız isə hazırda sevgiliyə ehtiyac duymadıqlarını, özlərini bu şəkildə xoşbəxt hesab etdiklərini dedilər. 

Sevgililər gününü qeyd etməyənlər

Müğənni Roza Zərgərli nə 30 iyunda, nə də 14 fevralda sevgililər gününü qeyd edir: “Valentin günü bizim milli sevgililər günümüz deyil. Buna baxmayaraq, İlham və Fərizənin toy gününü qeyd etdiyimiz 30 iyunu da qəbul etmirəm. Onların taleləri heç də yaxşı gətirməyib ki, həmin günü bayram keçirim. Ona görə də mən xüsusi bir gün seçib, həmin günü bayram kimi qeyd etmirəm. Mənim üçün hər gün sevgililər günüdür. İlk sevgim məktəb illərində, yeddinci sinifdə olub. Biz həmin oğlanla bir partada oturmuşuq. Ümumiyyətlə, sevgi bir insana öyrəşmək deməkdir. İnsan birini sevirsə, ona bağlanır və hörmət edir”. 

Şərəf ordenli, prezident təqaüdçüsü Roza Cəlilova gənclərə sevib, sevilməyi məsləhət gördü: “85 il ömür sürmüş biri kimi deyə bilərəm ki, bu dünyada insana bir sevib-sevilmək, bir də xoşbəxtlik qalır. Sevgi gözəl bir hisdir. Sevib evlənmək isə xoşbəxtlikdir. Təki sevib-sevənlər bir-birilərinə vəfalı olsunlar. İndi iki sevən gənci qınayırlar. Ancaq mən onu çox yaxşı qəbul edirəm. Valentin gününü mən sevgililər günü kimi qəbul etmirəm. Çünki həmin günün bizə heç bir aidiyyəti yoxdur. Azərbaycanlıların öz mili sevgililər günü var. Həmişə sevib, sevilək. Bu fani dünyada bundan gözəl nə ola bilər”. 

Bəstəkar-müğənni Elza Seyidcahan isə bizimlə söhbətində ilk sevgisindən danışdı. O, ilk sevgilisinin həyat yoldaşı olduğunu dedi: “Mən 16 yaşımda ailə həyatı qurmuşam. O zaman sevginin nə olduğunu anlamırdım. Çünki böyüdüyüm mühitdə sevməyə, kiməsə “səni sevirəm” deməyə pis baxırdılar. O zaman düşünürdüm ki, insan yalnız ərini sevə bilər, başqa sevgi günahdır. Həmin dövrdə sevənlərə də pis baxırdım, bu bizim yaddaşımıza belə həkk olunmuşdu. Gənc yaşımda mənim ixtiyarım nə idi ki, kimisə sevim. Əgər kimisə sevsəydim, başımı kəsərdilər”.

El adəti ilə ailə qurduğunu söyləyən müğənni ərini saf sevgi ilə sevdiyini bildirdi: “Məktəb vaxtlarında da məni sevənlər olub, amma bunu sonradan bilmişəm”. Elza Seyidcahan diplom işini Fərizə və İlhamın faciəsinə həsr etdiyini dedi: “14 fevralı da sevgililər günü kimi qeyd edirəm. Təki, biz hər zaman sevgililər günü qeyd edək. Xoşbəxt o insandır ki, sevgi uğrunda dünyasını dəyişsin. Fərizə ölümü ilə bizə böyük bir ismarış göndərdi”.

Bayram keçirməyə bəhanə axtaranlar da var

Qalmaqalları ilə yadda qalan Xuraman Şuşalı insanın evliliyə qədər bir sıra sevgisinin olmasına pis baxmadığını bildirdi: “İnsan real sevgi ilə qarşılaşdıqda, əsl sevginin nə olduğunu o zaman anlamış olur. Mənim ilk və son sevgim həyat yoldaşımdır. Əgər o insanla mən bir ömür boyu yaşamağı seçmişəmsə, bundan böyük sevgi ola bilməz. Qarşıma çıxan digər insanlar məni sevsəydilər, onlar mənim uğrumda mübarizə aparardılar. Elə adamlar var ki, başqası ilə ailə həyatı qurur, ancaq fikri, ürəyi ilk sevgisində qalır. Şükürlər olsun ki, bizim ailədə belə bir şey yoxdur. Bütün diqqətimi uşaqlara ayırmışam. 14 fevral Sovet dövründən qalan bir adətdir. Biz millətimizi sevən bir xalqıq və düşünürəm ki, bu bayramı iyunun 30-u keçirsək, daha məqsədəuyğun olar. Elə adamlar var ki, gündə bayram keçirməyə bəhanə axtarır. Ancaq Fərizə və İlham bizim fəxrimizdir. Şəhidlik özü ən böyük zirvədir. Öz dəyərlərimizi reklam etsək, daha doğru olar. Elə insanlar var ki, hədiyyə almağı sevir və onun üçün 14 fevralı da, 30 iyunu da bayram kimi qeyd etmək sərf edir. Elə mən də bilsəm ki, mənə hədiyyə alacaqlar, hər gün bayram keçirərdim”.

Əməkdar artist Gülyaz Məmmədova bizimlə söhbətində sevgililər gününü keçirmədiyini söylədi: “Heç zaman sevgililər gününü keçirməmişəm. İstər 14 fevral olsun, istərsə də 30 iyun. Mənim bayramım 8 martda olur. Onda gözəl hədiyyələr qəbul edirəm”. Əməkdar artist söhbəti zamanı ilk sevgisindən söz açdı. Qeyd etdi ki, ilk sevgisi ilə eyni məktəbdə paralel sinifdə oxuyublar: “Sevgilimlə məktəbdə bir oxumuşuq. Tez-tez baxışlarımız toqquşurdu, utanırdım. Həmin oğlan bizim kənddə yaşayırdı. Daha sonra mən sevdiyim həmin oğlanla ailə həyatı qurdum. Yəni sevdiyim oğlana da ərə getmişəm. Həyat yoldaşımdan başqa sevdiyim insan olmayıb”.

Sevib-sevilməyən gənclərimiz

Caz ifaçısı Şölə Səfərəliyeva da sevgililər gününü qeyd etməyənlər sırasındadır. Onun sözlərinə görə, dünən onu heç kim təbrik etməyib: “Mən nə 30 iyunu, nə də 14 fevralı sevgililər günü kimi qeyd edirəm. Əgər iki gənc bir-birini sevirsə, onların özlərinə məxsus sevgililər günü olmalıdır. Bunu ilk görüş günü və ya ilk tanış olduqları günün ildönümündə qeyd etsələr, məncə, daha münasib olar. Heç vaxt sevgililər gününü qeyd etməmişəm. Ona görə yox ki, sevgilim olmayıb, sadəcə, bu mənim üçün elə də maraqlı deyil. Hər zaman standart çərçivələrdən qaçmağa çalışıram. İlk sevgimi xatırlamıram. Dünən heç kim məni təbrik etmədi, heç mən də kimdənsə təbrik gözləmirdim. Sevgilim olmadan yaşamaq heç də mənə problem yaratmır. Mütləq deyil ki, kimsə sənə zəng vursun, sevgililər gününü təbrik etsin. Sevgisiz də yaxşı yaşamaq mümkündür, necə ki, mən elə yaşayıram”. 

Sevilən ifaçı Leyla Ramazanlı da 14 fevralı sevgililər günü kimi qəbul etmir: “Mənim üçün sevgililər günü 30 iyundur. Ancaq bu günü (dünən red.) sevgilimlə keçirmədim. Tədbirlərdə iştirak etdim. Gündəlik günümü necə keçirirdimsə, sevgililər gününü də elə keçirdim. Ümumiyyətlə, böyük məhəbbətlə kimsəni sevməmişəm. Hələ ki dəlicəsinə sevəcək bir insanla rastlaşmamışam. Demək olar ki, heç ilk sevgi yaşamamışam. Ümid edirəm ki, bundan sonra ürəyim istədiyi bir insanı tapa bilərəm. Həyatıma qarşı çox məsuliyyətli bir insanam. İstəyirəm ki, biri ilə münasibət qurum və onunla seçimimizdə yanılmayım. Özüm də sevgiyə kifayət qədər vaxt ayırmıram, çünki buna vaxtım olmur”. 

Gənc ifaçı Elçin Cəfərov dünəni adi gün kimi keçirdiyini dedi: “Dünən birlikdə keçirəcəyim bir sevgilim yox idi. Həmin gün yalnız sevənlərə baxıb, onlara mahnılarım səsləndirdim”.

Əlikram Bayramov 30 iyunu bayram kimi qəbul qeyd etdiyini dedi: “Mən 14 fevral - Valentin gününü bayram hesab etmirəm. Fərizə və İlham sevgisi müqəddəs sevgisidir. Ümumiyyətlə sevgi hər bir insanın taleyində mühüm rol oynayır. Bizim gənclər onlardan ibrət götürməlidirlər. Sevgi insan həyatında çox vacibdir. Yoxsa həyat mənasız olardı. Qoy bütün gənclərimiz bir-birlərini İlham və Fərizə kimi sevsinlər. Dünyada sevgidən gözəl nə olar bilər ki?”

Göründüyü kimi, bir çox gənc ifaçılarımız hələ də sevgi axtarışında olduqlarını, ömürlərinin ahıl dövrlərini yaşayanlar isə sevginin gözəl bir hiss olduğunu deyirlər. Təkcə sevgililər günü deyil, bütün zamanlarda sevib-sevilmək ümidi ilə...

“Kaspi” qəzeti