Sevgilisini boğub öldürən kişinin məhkəməsi başladı

sevgilisini-bogub-olduren-kisinin-mehkemesi-basladi
Oxunma sayı: 863

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini ayağı ilə boğub öldürməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Fərhad Şaqaliyevin məhkəməsi başlayıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə, hakim Azad Məcidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. 

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, o, Ermənistan rayonunun Quqark rayonunda anadan olub. 

Onun vəkili cinayət işinin baxışa verilməsinə etiraz edib və istintaq zamanı müvəkkilinin müdafiə hüququnun pozulduğunu bildirib. 

F.Şaqaliyev deyib ki, istintaq zamanı onun ümumiyyətlə vəkili olmayıb və iş onun müdafiəçisi olmadan aparılıb: "Müstəntiq dedi vəkilə ehtiyac yoxdur".

Vəsatət təmin edilməyib, cinayət işi məhkəmə baxışına qəbul edilib. 

Proses aprelin 25-də davam etdiriləcək. 

İttihama görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. F.Şaqaliyev qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızını boğaraq öldürüb. 

50 yaşlı kişi yerə yıxılmış sevgilisinin boğazına ayağını dirəyib, onun nəfəsini kəsərək öldürüb. Hadisə vaxtı F.Şaqaliyev sərxoş  olub. 

O bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub. 

Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşürmüş. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə eyni mövzuda mübahisə yaşanıb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.

Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır. 

Murad Əhməd