Sevilən, seçilən, döyülən, öldürülən QIZLAR

sevilen-secilen-doyulen-oldurulen-qizlar
Oxunma sayı: 10370

Dünya Sakit

Bu gün qızların – böyük mənada isə qadınların günü kimi qeyd olunur dünyada... Sosial şəbəkələrdə qız övladlarının fotolarını paylaşaraq təbriklər yazan dostlar o qədərdir ki. O təbrikləri oxuduqca Azərbaycanda qız övladını nemət sayanların belə çox olduğuna sevinməmək olmur...

Oysa ki, biz binayi-qədimdən qız övladına tamam fərqli münasibət izləyirik. Hələ Sovet dövründə - uşağın cinsiyyətini qabaqcadan müəyyənləşdirmək mümkün olmayanda oğlan ümidilə 5-6 qız dünyaya gətirən valideynləri çox görmüşük. Hər doğulan yeni qıza Qızqayıt, Bəsti, Kifayət kimi adlar qoyub, növbətinin oğlan olacağına ümid edən sadəlövh insanları bizim nəsil öz ətrafında çox müşahidə edib.

Uzağa getməyim, elə mən özüm oğlan həvəsilə dünyaya gətirilən üçüncü qızam. O qız ki, ata nənəm anamı xəstəxanadan çıxartmaqdan imtina edib – niyə yenə qız doğub deyə. Uzaq dağ kəndində müəllim işləyən atam isə doğulmağımdan on gün sonra xəbər tutub. O gələnədək anamı öz anası və qardaşı xəstəxanadan çıxarıb evlərinə aparıblar. Adımı da adı kimi xanım-xatun olan ana nənəm – Xanım anam qoyub. Üçüncü qız olsam da, arxamca iki oğlan gətirdiyim üçün böyüdükcə nənəm də mənə isnişib, sonralar yaşlaşıb xəstələnəndə onu Bakıya müalicəyə gətirən də mən oldum – məndən on yaş böyük oğlan nəvəsi dura-dura... Yəni övladı qız-oğlan fərqilə seçib-ayırmaqla iş bitmir, gələcəkdə kimin necə olacağını bilmək insan oğlunun hünəri deyil...

Bu gün də qız, xüsusilə də ikinci qız doğulanda narazılıq edən baba-nənələr,  atalar  var. Bir müddət əvvəl səhv etmirəmsə, Cənub bölgəsindəydi – nənə oğlunun yeni doğulan ikinci qızını öldürüb quyuya atmışdı. Hər il minlərlə ailə məhz ikinci, üçüncü qızın doğulması səbəbilə dağılır. 

Yüzlərlə-minlərlə ana var ki, birinci qızdan sonra dəfələrlə hamilə qalıb, 3 aylığında cinsiyyətini öyrənib övladlarını məhv edirlər – yenə qız olduğuna görə. Qadın tanıyıram ki, 4-5 ildə azı 6-7 elə uşaq məhv elədi, nəhayət, oğlu olandan sonra qorunmağa başladı. Üç aylıq uşaq – demək olar ki, bütün orqanları formalaşmış canlı övladdır. Onu qadının bətnindən doğrayıb çıxardırlar – bu isə yetişkin bir insanın qətlinə fərman verməyə bərabər cinayətdir. Amma bu cinayətə dəfələrlə qol qoyan analar var. Bu gün həm də belə doğulmamışdan məhv edilən qızcığazların günüdür. Bilmirəm, neçə ana oğlan sevgisi ilə məhv etdiyi qızlarını da xatırlayacaq bu gün...

Qızlar var ki, gözünü açıb həyatı dərk etməmiş ata-anası ərə verib başından edir. Gözü açılıb, yaşayışından narazılıq edəndə isə sahib çıxan olmur, ya başını götürüb qaçır, ya da əlacı özünü öldürməkdə görür...

Qızlar var ki, təhsil almaq arzusuyla alışıb-yansa da, valideynlərinin təkidi ilə məktəbdən yarımçıq çıxmağa məcbur qalır...

Qızlar var ki, küçələrdə dilənçilik edib ailə saxlayırlar...

Qızlar var ki, qardaşlarının qarşısında qulluqçu kimi işlədilirlər, valideyn sevgisindən məhrumdular...

Qızlar var ki, öz yaxınları, bəzənsə ataları, qardaşları tərəfindən zorlanırlar...

Bu gün onların hamısının günüdür: ata-anası tərəfindən sevilən, hər cür dəstəyi görənlərin də, belə sevgi və dəstəkdən məhrum olanların da. Hamısının günü mübarək...