“Sevincə dedim ki, ehtiyatlı ol, səni aradan götürə bilərlər”

sevince-dedim-ki-ehtiyatli-ol-seni-aradan-goture-bilerler
Oxunma sayı: 641

Lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı rüşvət videolarının “qəhrəmanı” Sevinc Babayevanın Türkiyədə dünyasını dəyişməsi haqda xəbərə sabiq rektorun özü də münasibət bildirib.

Elşad Abdullayev “Azadlıq”a açıqlamasında deyib ki, o da bu haqda xəbəri dünən internetdən oxuyub. Ona görə də xəbərin nə dərəcədə doğru olub-olmadığı haqda dəqiq bir söz deyə bilmir.
Sabiq rektor bildirib ki, Sevinc Babayevanın dünyasını dəyişməsi haqda məlumat doğrudursa, Türkiyənin hüquq-mühafizə orqanları mütləq bunun səbəbini araşdırmalı, həqiqəti üzə çıxarmalıdır.

Elşad Abdullayev onu da qeyd edib ki, hələ bir neçə il əvvəl Sevinc Babayeva ilə telefon söhbətlərində onu öldürülə biləcəyi haqda xəbərdar edib.

“Bunu bilmək üçün nə çox ağıllı, nə də çox savadlı olmağa ehtiyac var. Ona dedim ki, sən bunların çox işlərini bilirsən, ehtiyatlı ol, səni aradan götürə bilərlər. Çünki bunlar üçün arzuolunmaz şahidsən...”, - deyə sabiq rektor bildirib.

Elşad Abdullayevin sözlərinə görə, həmin söhbət 2005-ci ilin noyabrında keçirilən parlament seçkilərindən bir neçə ay sonra - 2006-cı ildə olub. Həmin söhbət zamanı o, Sevinc Babayevadan deputat olmaq üçün verdiyi pulların geri qaytarılmasını tələb edib. Amma danışıq zamanı bir sıra başqa məsələlərdən də söhbət gedir.
Sabiq rektor onu da əlavə edib ki, Sevinc Babayeva ilə sözügedən telefon danışığının audioyazısı da var. O bildirib ki, həmin audioyazının bir hissəsini “Azadlıq”a göndərəcək.