Sevincin faciəsi...

sevincin-faciesi
Oxunma sayı: 3750


İndi də sərxoş adam görəndə uşaq vaxtımdakı kimi qorxuram. Bilmirəm e, bəlkə də, qorxmuram, ancaq onu bilirəm ki, çox qəribə, anlaşılmaz və ən əsası, xoşagəlməz hisslər keçirirəm. O zamanlar qonşuluğumuzda ruslar yaşayırdı. Bəziləri məlum olaylarla bağlı durum dəyişəndən sonra köçüb getdilər, bəziləri də heç nəyə baxmayaraq, ev-eşikərini tərk etmədilər.


Nikolaygil bizdən bir az aralıda yaşayırdı. Ancaq Nikolay tez-tez qonşumuz Vera xalagilə gəlirdi. Veranın oğlu Gena ilə Nikolay araq “dostu” idilər. Həmişə Genagilin qapısı açılanda, heç həyətdən çıxanın kim olduğunu bildik-dilmədik qaçıb gizlənərdik. Anam bizi həyətdən bayıra buraxmazdı. Təkcə qonşumuz Tamaşa xalagilin həyətində onun uşaqları ilə oynayardıq. Tərs kimi Gena da Tamamşa xalagilin çəpər qonşusu idi. Ancaq biz nədənsə o biri sərxoşlardan çox Nikolaydan qorxardıq. Çünki ondan başqa, heç biri bizi qorxutmur, üstümüzə cummurdu.

Nikolayın arvadı Klava xəstə idi. Həmişə öz-özünə danışar, əllərini ölçə-ölçə deyinər, ancaq heç kimlə işi olmazdı. Görəndə istər-istəməz qaçırdım ondan. Özü də necə qaçırdım? Nəfəsim kəsilə-kəsilə. Ali təhsilli kimya müəlliməsi imiş Klava. Vaxtı ilə müəllimlik etdiyi məktəbdə indi xadiməlıik edirdi. Yazıq Klava...Deyilənə görə, əri başına-başına o qədər vurmuşdu ku, dəli olmuşdu. Nikolaydan həm də buna görə zəhləm gedirdi. Hərdən elə bilirdim ki, Klava ərinin yumruqlarından qorunmaq üçün özünü dəliliyə vurur. Təəssüf ki, bu mənə elə gəlirdi. Çünki çox illər sonra Klavanın faciəsini eşidəndə, sarsıldım. Onda artıq nə Klava, nə də əri həyatda idi. Sən demə onların bizim tanıyıb-bildiyimiz qızı Svetadan böyük  yaraşıqlı bir oğlu da varmış. O vaxtlar “Tarzan” filminin çox məşhur vaxtlarında uşaqlar Tarzanın çıxardığı səsləri çıxarar, ağacdan-ağaca, damdan-dama tullanıb Tarzanlıq etmək istəyirlərmiş. Nikolayın oğlu da Tarzan kim ağacdan tullanmaq  istəyəndə yerə düşüb ölür. Bu hadisədən sonra Klava havalanır.  
O qədər təmizkar, sakit, yazıq idi ki Klava... Məhəllədə təkcə onların hamamı var idi. Bütün qonşular növbə ilə çimməyə onlara gedərdi. Əri ancaq gecələr gələrdi evə. Gündüzlər orda-burda içib veyillənərdi deyə, qadınlar arxayın-arxayın yığışıb hamama gedə bilirdi.

Mart ayı idi. Anam xəstəxanada yatırdı. Çox ağır əməliyyat keçirmişdi. Qardaşımla mənə nənəm baxırdı. Atam işdə olanda biz gecəni də nənəmgildə qalırdıq.  Nikolayın evi nənəmgilə daha yaxın idi.

Axşamüstü uşaqlarla oynayırdıq. Hava xoş olduğundan, Nikolaygildən başqa, qonşular hamısı küçədə idi.

Birdən qurbağa gölünə sanki daş atıldı. Nikolay aşa-aşa, səndirləyə-səndirləyə özünü Valehin qapısına çatdırdı. Bir azdan Valehlə Nikolay küçəyə çıxdı. Onlar mübahisə edirdilər. Getdikcə qızışan mübahisə davaya keçdi. Qonşular dartışmağa, biri-birini dürtmələməyə başladı. Bir-birini itələyə-itələyə evlərin arasındakı torpaqlığa düşdülər. Kiçik stadionu xatırladan bu torpaqlığa dörd bir tərəfdən qonşuların küçə qapıları açılırdı. Hər qapının ağzında da skamya. Axşamüstü qonşular çıxıb skamyalarda oturar, söhbətləşərdilər.

Valehgilin dartışması camaatın üstünə sanki su səpdi. Hamı mat-mat onlara baxır, heç kim yaxınlaşmağa cürət etmirdi. Hətta bəziləri bu iki yaxın qonşunun zarafatlaşdığını zənn etdi.

Onlar əlbəyaxa olanda, Qrişa ayağa qalxıb dalaşanlara yaxınlaşdı. Nikolayla Valehi aralamağa cəhd etdi. Ancaq alınmadı. Nikolay qəfildən Valehi qamarlayıb yerə yıxdı. Valeh bu həmləni gözləmədiyindən boş dayanmışdı deyə, arxası üstə torpağın üstünə düşdü. Qrişa ha əlləşir, ancaq dalaşanlar onu sanki heç görmürdü. Qadınlar qıy-qışqırıq salmışdılar. Valehin arvadı qışqırır, qonşuları köməyə çağırırdı. Hamı bir-birinə dəydi. Biz qorxa-qorxa bir-birimizə qısılmışdıq. Mən qardaşımın boynunu qucaqlayıb onu özümə sıxmışdım...

Valeh gücünü toplayıb sərxoşu altına saldı. Onlar qucaqlaşıb torpağın üstündə o yan-bu yana fırlanırdılar. Birdən Nikolay Valehi üstündən atıb ayağa qalxdı. Hamı susub onlara baxırdı. Nikolay al-qanın içində idi. Hamı  elə bildi ki, Valeh onu bıçaqlayıb. Ancaq Valeh arxası üstə qalıb, tərpənmirdi. Əynindəki göy pencəyi qana bulaşmışdı...
Valehi Qrişanın qara vilisinə qoyub yaxınlıqdakı hərbi xəstəxanaya apardılar. Məhəlləyə ölü bir sükut çökdü. Hərə bir tərəfə dağılışdı. Uşaqlar yenə öz oyunlarına başladı. Nənəm bizi həyətə saldı.

Mən şam süfrəsinə yaxın getmədim. Evin bir küncündə oturub gördüklərimi düşünürdüm. Nənəm başımı tumarlayıb soruşdu:
-  Qorxmusan, qızım?
-  Nənə, Valeh öləcək?
-  Yox, bala, ölməyəcək, qorxma...
Yenə fikrə getdim. Uşaq olsam da, gördüklərimi saf-çürük etməyə, təfərrüatı ilə xatırlamağa çalışırdım. Sözün düzü, mənə təsir edən başqa bir məqam var idi.
Nikolay Valehin üstündən qalxan kimi Klava peyda oldu. O, ərinə məhəl qoymur, gah yerə sərilmiş cansız Valehə, gah ayaq üstə quruyub qalmış Nikolaya, gah da Valehin,  özünü döyüb-öldürən arvadına cumur, elə bil hamıya yalvarır, kömək istəyirdi.  Dizləri üstə yerə çökən Klava, qanlı əllərini ölçə-ölçə nə isə danışırdı. Əllərinin qana nə vaxt, necə bulaşdığını xatırlamıram. Onu bilirəm ki, ərinin tökdüyü qana bulaşmış əlləri gözlərimin yaddaşına ömürlük həkk olundu...

Qulağım səsdə idi. Evdə qərar tuta bilmirdim. Küçəyə çıxdım. Axşam düşmüşdü.
Birdən qulağıma səs gəldi. Qadın səsi...Ağlayırdı, yana-yana nalə çəkən qadın səsi canıma üşütmə saldı. Xəstəxanaya gedən yolun üstündə əl-ələ tutmuş iki qadın göründü. Valehin anası ilə arvadının səsi onun ölüm xəbərini məhəlləyə özündən qabaq çatdırdı.

Nikolayı tutdular. Biz bir də onu görmədik. Eşitdiyimizə görə, Nikolayı həbsxanada öldürdülər. Məhəllənin uşaqları Nikolaydan qurtulduqlarına görə sevinirdilər, ancaq bu sevincin kökündə hansı səbəbin durduğunu bilmirdilər. Bu sevinc bizə, üç körpənin yetim qalması bahasına başa gəlmişdi...