Sevincin qətli ilə bağlı prezidentə müraciət olundu

sevincin-qetli-ile-bagli-prezidente-muraciet-olundu
Oxunma sayı: 644

“Cənab prezident!

Sizə müraciət etməyimizin səbəbi son zamanlar artan dinamika ilə inkişaf edən məişət zorakılığı hallarından narahatçılığımızdır.

Bu gün baş vermiş və öz qəddarlığı ilə hamımızı diksindirmiş qətl hadisəsi artıq bu hallara qarşı istər hökumət, istərsə də vətəndaş cəmiyyəti səviyyəsində müqavimət göstərmək ehtiyacını bir qədər də kəskinləşdirdi. Noyabrın 11-də Bakının Xəzər rayonunda Mənsimov Mənsim adlı şəxs 1963-cü il təvəllüdlü həyat yoldaşı Zemfira Mənsimovanı və 1990-cı il təvəllüdlü qızı Sevinc Mənsimlini yaşadığı evdə qətlə yetirdikdən sonra özü də intihar etmişdir.

Təəssüf ki, bu, son zamanlar xüsusi “vüsət almış” məişət cinayətlərinin nə birincisi, nə də sonuncusudur. Lakin cəmiyyətin bütün tərəqqipərvər qüvvələri buna birlikdə təpki göstərə bilsə, əlbəttə ki, bu cinayət halı sonuncu ola bilər.

Azərbaycan xalqının tarixində, mədəniyyətində, folklorunda və ədəbiyyatında qadının yeri, mövqeyi hər zaman uca tutulub, hörmət və sevgi ilə əhatə olunub. Öz dövrünün gerçəkliklərini əks etdirən ədəbiyyatımızda- nə şifahi xalq ədəbiyyatımızda, nə də yazılı irsimizdə qadının alçaldılması və zorakılıq obyekti olması barədə bir şey yoxdur.

Belə çıxır ki, bu, zəmanəmizin məhsuludur. Nə baş verir? Niyə insanlar bu qədər qəddarlaşır, güclü zəifi tapdalayır? Və biz bunların qarşısını almaq üçün hər şey etdikmi?

Hörmətli cənab prezident.
Məişət zorakılığı ilə bağlı qanun qəbul ediləndə bu bizi çox sevindirdi. İnanırdıq ki, cəmiyyətə üz qarası olan ailədaxili zorakılığa sön qoyulacaq, qanun zəifləri, qadın və uşaqları zorakılıqdan qoruya biləcək. Lakin üstündən bir neçə il keçsə belə, problemin ümumi mənzərəsində heç nə dəyişməyib və əksinə, bu hallar çoxalıb və daha qorxulu çalarlar almağa başlayıb.
Hörmətli cənab prezident!

Sizdən xahiş edirik ki, bu cür halların qarşısının alınması üçün icra mexanizmlərinin gücləndirilməsi, habelə məsuliyyətin artırılması üçün müvafiq göstərişlər verəsiniz!

Biz “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi olaraq bu prosesdə istənilən dəstəyi verməyə hazırıq. Bildiyiniz kimi, hər il 25 noyabrdan 10 dekabr tarixinə qədər olan dövrdə dünyada qadınlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı müxtəlif aksiyalar keçirir və bu aksiya BMT tərəfindən tanınaraq təqdir edilir.

2005-ci ildən başlayaraq bu tədbir hər il Azərbaycanda da müxtəlif təşkilatlar tərəfindən qeyd olunur. Lakin bu gün təəssüf hissi ilə bildiririk ki, tək aksiyalarla heç nəyə nail olmaq mümkün olmur, yaxud bu, sadəcə kifayət etmir. Bu gün ölkəmizdə qadınlara qarşı zorakılıq faktları davam edir, artır və bəzən qadınların xüsusi amansızlıqla qətli ilə nəticələnir.

Diqqətinizə mənzərəni əks etdirən statistikanı təqdim edirik:

Dövlət Statistika Komitəsinin və Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, cari ilin 6 ayı ərzində məişət zorakılığı ilə bağlı qeydə alınmış 773 cinayət hadisəsi zamanı 790 qadın zərər çəkib və onların 3-ü 18 yaşadək qızlar, 4-ü isə hamilə qadınlardır.


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin mətbuatda apardığı monitorinqin nəticələrinə görə, 2010-cu ildə ailədaxili zorakılıq zəminində 109 nəfər, 2011-ci ildə isə 135, 2012-ci ilin bu günə qədər olan statistikasına görə 48 nəfər evdə qətlə yetirilib.

Qeyd edilən problemin aradan qaldırılması üçün təklif edirik:

1. Azərbaycanda məişət zorakılığı ilə mübarizə üzrə xüsusi polis qurumu yaradılsın, yaxud İnsan alverinə qarşı Mübarizə İdarəsinin nəzdində xüsusi şöbə açılsın;

2. Qadın polislərin sayı artırılsın;

3. Azərbaycan TV məkanında qadınların məlumatlandırılması üçün sosial reklam çarxlarının pulsuz olaraq yayımlanması üçün imkanlar yaradılsın;

4. TV-lərdə gedən sosial verişlər maarifləndirmə verilişləri ilə əvəzlənsin

5. Teleseriallarda cəmiyyəti bu yöndən maarifləndirən ssenarilərə üstünlük verilsin.

6. Qadınlara qarşı zorakılığın qarşısının alınması üçün ciddi cəza tədbirləri nəzərdə tutulsun.
Cənab Prezident.

İnanırıq ki, bu təşəbbüsə Sizdən dəstək alacağıq və Sizin birbaşa müdaxiləniz nəticəsində bu bəla ilə mübarizə mexanizmləri işə düşəcək, diqqətinizə çatdırdığımız qorxulu mənzərə dəyişəcək, minlərlə Azərbaycan qadını zorakılıq hallarından sığortalanacaq”.

Mehriban Zeynalova –Təmiz Dünya qadınlara yardım ictimai Birliyi
Rəna Səddədinova – hüquq müdafiəçisi
İlhamiyyə Rza- gender məsələləri müstəqil ekspert jurnalist;
Flora Kərimova – xalq artisti;
Gunay Muradlı – jurnalist;
Aynur Şahkərimova;
Sevinc Fədai;
Aysel Qasımzadə- tələbə
Rəşad Şirin – siyasi məsləhətçi;
Şahnaz Kamalova;
Lalə Ədalətqızı;
Aynur Bəbirova- psixoloq