Sevinmək qadağandı

sevinmek-qadagandi
Oxunma sayı: 1273

Fərid Hüseyn

Yaxın günlərdə Kürdəmirə getmişdim. Ərşəli kəndində düşməli idim. Yollara düzülən bardürlərə baxa-baxa sevinirdim ki, şükür, bu yolları bir-birindən ayırdılar, heç olmasa maşınlar toqquşmaz, hər gün neçə-neçə ölüm xəbərini eşidib məyus olmarıq. Doğurdan da, Bakı-Qazax magistralında bir avtomobilin yaratdığı qəza şəraiti ən azı 4-5 maşının əzilməsinə, bir neçə insanın ölümünə səbəb olurdu.

Bildiyimiz kimi, avtomobil idarə edənlərin əksəriyyəti sürəti tənzimləməkdə çətinlik çəkirlər, nəticədə də hər gün onlarla insan ölür, yaralanır. Yollarımız o qədər də ürəkaçan olmasa da, hər halda işlər gedir, nəsə dəyişir. Kürəyimi bu düşüncələrə söykəyib nikbin olmağa çalışırdım ki, qəfil avtobus dayandı və başa düşdüm ki, çatdıq, düşməliyəm.

Avtobusdan düşüb yük yerindən çantamı götürdüm və başımı qaldıranda nə görsəm yaxşıdır: kəndə gedən yolu kəsiblər. Yollara düzülən bardürlərdən yolu adlamaq mümkün deyil. Əhali üçün hansısa formada keçid qoymayıblar.

Uzaqdan bir qadının tumanının balağını yığıb bardürün üstündən zorla keçdiyini görüb ürəkləndim. Bir təhər yolu keçib, daşları adlayıb girdim kəndə. Maşınlar isə yüksək sürətlə və aramsız keçirdilər...

Kənddə eşitdiklərim isə lap kefimi korladı. Deməli, kəndə mal-qaranın keçməsi üçün ayrıca yol var, bu yol olduqca bərbad gündədir. Camaat da yollar bağlandığına görə məcburən həmin yoldan istifadə edir. Deyilənə görə, həmin yola da ortadan beton tökəcəklər ki, yalnız mal-qara, qoyun-quzu keçə bilsin və maşın yolu bağlansın. Belə olduğu təqdirdə kəndə gələn adam ən azı kənddən 3 km aralıdan fırlanıb evinə qayıtmalıdır...

Kənd camaatı danışır ki, bunu belə olmasında məqsəd ölkədə daha çox benzin satılmasıdır, çünki yol kənarında yerləşən kəndlərdə yaşayanlar maşınlarına məcburən daha çox benzin tökməli olacaqlar və bu da yolpuluların artmasına səbəb olacaq. Özü də bardürlər bir neçə rayonda düzülüb...

Təbii ki, yolun bu şəraitdə olmasına kənd cavanları fikir verməyəcək, daşın üstündən adlayıb keçəcəklər. Nəticədə yolqırağı kəndlərdə yaşayanların ölüm riskini artıracaq. Hər halda düzələn yollara baxıb ölkənin inkişafına sevinəcəyimiz məqamda, yenə də nəsə bir problem yaradırlar...