Şəxsiyyət vəsiqəsi ilə xaricə səfər etmək mümkün olacaq

sexsiyyet-vesiqesi-ile-xarice-sefer-etmek-mumkun-olacaq
Oxunma sayı: 722

Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna dəyişikliklərə bununla bağlı xüsusi hissə əlavə olunub.

Qanun layihəsində qeyd olunur ki, bu hal yalnız müvafiq beynəlxalq müqavilə bağlanılan xarici dövlətdə tətbiq oluna bilər.

Qanuna təklif olunan dəyişikliyə görə, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ökədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.

Hazırda qüvvədə olan qanuna görə, şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan ərazisində vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul olunur.

Qanuna dəyişikliklərdə şəxsiyyət vəsiqəsinin16 yaşına çatanadək və 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi növlərinin ləğv edilməsi nəzərdə tutulur.

Layihədə qeyd olunur ki, hər bir Azərbaycan vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan vətəndaşlığına qəbul edildikdən sonra 1 ay müddətinə şəxsiyyət vəsiqəsi almalıdır.

Şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək.

Şəxsiyyət vəsiqəsində digər məlumatlarla yanaşı, şəxsin fərdi indentifikasiya nömrəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkli yerləşdiriləcək.

Şəxsiyyət vəsiqəsinə elektron daşıyıcı (çip) yerləşdiriləcək.
Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə, şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı yararsız hala düşdükdə, vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.

2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşa çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqələrin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

Qanun layihəsində qanunun 2014-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.