“Seyidova qarşı sanksiyada Nazim İbrahimovun yarıtmaz fəaliyyətinin rolu olub”

seyidova-qarsi-sanksiyada-nazim-ibrahimovun-yaritmaz-fealiyyetinin-rolu-olub
Oxunma sayı: 4383

Artıq 17 ildir ki, Azərbaycanın da tamhüquqlu üzv olduğu, Avropa qitəsinin ən yaşlı beynəlxalq siyasi təşkilatı olan və Belarusdan savayı qitənin bütün dövlətlərini özündə birləşdirən Avropa Şurası ilə Azərbaycanın münasibətləri niyə nümayəndə heyətimizin rəhbərinə sanksiya tətbiq olunması həddinə gəlib çıxdı? 

Əslində məlum olduğu kimi ölkəmizlə bu qurum arasındakı tellər hələ 90-cı illərə gedib çıxır və həm o dövrdə, həm də Azərbaycan təşkilata tam hüquqlu üzv olduğu 2001-ci ildən başlayaraq münasibətlərimiz həddindən artıq isti olub və qarşılıqlı hörmətə əsaslanıb. Avropa Şurası ilə Azərbaycan Respublikası arasında münasibətlərin ideal səviyyədə olmasında bu qurumda ölkəmizin ilk nümayəndə heyətinin rəhbəri olmuş İlham Əliyevin mühüm rolu danılmazdır. Əlaqələrimizin müsbət istiqamətdə inkişafının kulminasiya nöqtəsi kimi 2003-cü il yanvarın 27-də AŞPA Bürosunun iclasında Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin rəhbəri İlham Əliyevin Büronun üzvü və AŞPA-nın vitse-prezidenti seçilməsi olub. Bəs əsası bu cür qoyulmuş münasibətlər hansı səbəblərdən bu gün mövcud olan gərgin vəziyyətə gəlib çıxdı?

Bəlkə əsaslı və ya əsassız Azərbaycana qarşı qurumun  əsas orqanlarından hesab olunan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə edilmiş müraciətlərlə bağlı bir neçə işdə ölkəmizə qarşı çıxarılan qərarlar və onların icrası ilə bağlıdır. Düşünürəm ki, bu, əsas səbəb ola bilməz, çünki bu məsələ prosedur qaydalardandır, bizim ölkəmizlə yanaşı bir çox digər üzv dövlətlərə münasibətdə də qəbul olunur.

Digər tərəfdən də təşkilatın nizamnaməsinə əsasən Avropa Məhkəməsi ölkə daxili məhkəmələrin qərarlarını ləğv etmək səlahiyyətinə malik deyil, sadəcə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələblərinin pozulmasını müəyyən edir. Eyni zamanda Azərbaycan dövlətinin Qarabağ məsələsində Ermənistana layiq olduğu yeri göstərmək üçün dünya birliyini, eyni zamanda Avropanı dalana dirəməsini də bu prosesə ciddi təsir göstərən amiilərdən hesab etmək olar.

Bəlkə də son prezident seçkilərindən sonra vəzifəsinin öhdəsindən gəlmədiyinə görə postu ilə vidalaşan, 16 ildir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olan Nazim İbrahimovun yarıtmaz fəaliyyətinin də özünəməxsus rolu olub. Çünki, məhz əsas fəaliyyət istiqamətlərindən biri də xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlılarla müvafiq işlərin lazımınca aparılmamasının xoşagəlməz nəticələrindəndir ki, ölkəmizdən olan bir çox şəxslər özlərini həm xarici dövlətlərə, həm də beynəlxalq təşkilatlara (o cümlədən də Avropa Şurasına) münasibətdə tam əsassız olaraq Azərbaycan adından tam səlahiyyətli şəxs hesab edirlər. Prosesin nəzarətdən çıxması artıq bu sahədə mövcud xaotik vəziyyətin formalaşmasına gətirib çıxarıb.

Digər əsas məqamlardan biri də hazırda Avropa Şurasında nümayəndə heyətimizin qeyri-qəanətbəxş fəaliyyəti və hadisələrə düzgün qiymət verməməsi ola bilər. Çünki, qeyd etdiyim kimi Azərbaycanla Avropa Şurası arasında münasibətlər ilk gündən başlayaraq qarşılıqlı hörmət və anlaşma prinsipləri üzərində qurulub. Ümid edək ki, bundan sonra qarşılıqlı şəkildə atılacaq addımlar hər iki tərəfin mənafelərinə və maraqlarına uyğun olaraq vəziyyətin stabilləşməsinə gətirib çıxaracaq.

Vəkil Xəyal Bəşirov