Şeyx yenə İŞİD-dən danışdı

seyx-yene-isid-den-danisdi
Oxunma sayı: 1088


“Qafqazinfo” xəbər verir ki, bunu Beynəlxalq Qüds günü ilə bağlı keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə deyib.

“Xüsusilə bizim də daxil olduğumuz İslam dünyasında baş verən son hadisələr hər birimizi son dərəcə narahat edir. Qarabağ müharibəsinin, Xocalı soyqırımının, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan bir xalq kimi, biz azərbaycanlılar İraq türkmənlərinin qətliamına, Suriyadakı qardaş qırğınına, terrorçu İŞİD-in hər gün törətdiyi rəzalətlərə və hərbi cinayətlərə laqeyd yanaşa bilmirik. Amma bu gün vəziyyət elədir ki, bir sıra dövlətlərin, o cümlədən, Suriya, İraq, Fələstin, həmçinin terrorun səngimədiyi Əfqanıstan, Pakistan, Liviya, Mali və digər müsəlman ölkələrinin müasir durumunu fəsad və faciələr tarixi adlandırmaq olar. Hər gün yüzlərlə müsəlman qətl edilir, uşaqlar yetim, analar ağlar qalır, qocalara, qadınlara rəhm edilmir. Müsəlman dünyasının nadir sənət inciləri, memarlıq abidələri, məscidlər, müqəddəs ziyarətgahlar, xristian kilsələri, pravoslav və katolik məbədləri bombalanır, yerlə yeksan olur. Ən qorxulusu isə odur ki, bu vəhşət içərisində yeni bir sosial fəlakət - bir-birinə nifrət edən, bir-birinin qanına susayan insanlar cəmiyyəti yaranır”.

Allahşükür Paşazadə bildirib ki, qeyd olunan Qüds gününün hər il Ramazanın son cüməsində keçirilməsi təşəbbüsü Ayətullahi-uzma Xomeyniyə aiddir: “Biz onu rəhmətlə yad edirik. Biz İslam dünyasında baş verən savaşlar, qardaş qırğınları və təxribatlarla əlaqədar bu yaxınlarda xüsusi bəyanat vermişik və müqəddəs Ramazan ayı ərzində savaşlara son qoyulması çağırışı etmişik. Bugünkü tədbirimizdə müsəlman ölkələri səfirlərinin iştirakına görə təşəkkür edirik və Qəzza ilə əlaqədar qəbul edəcəyimiz bəyanatın dünya ictimaiyyətinə, bütün dövlətlərə və cəmiyyətlərə ünvanlanmasını istəyirik. Məqsədimiz budur ki, dünyanın iqtidar gücündə olan dövlətləri, sülh yaratmağa səy göstərən beynəlxalq təşkilatları və bütün insanlar dərk etsinlər ki, Allah-taalanın bizim üçün yaratdığı bu dünyanı, sülh və əmin-amanlıq üçün bizə əmanət etdiyi bu cahanı hikmət və barışla xilas etməyin zamanı gəlib. Biz əminik ki, Rəbbimizin hidayət yolundan azaraq günahsız insanların qanını axıdanlar, terrora və qətliama haqq qazandıranlar, gec ya tez, mütləq Uca Yaradanımızın və cəmiyyətin qarşısında cavab verəcəklər”.