Şeyxdən jurnalistlərə təbrik

seyxden-jurnalistlere-tebrik
Oxunma sayı: 636

“Qafqazinfo”ya Mətbuat Şurasından verilən məlumata görə, Şeyxin bu məqsədlə Mətbuat Şurasına ünvanladığı təbrik məktubunda bildirilib ki, ötən 137 ildə Azərbaycan mətbuatı çox şərəfli və mürəkkəb inkişaf yolu keçib. Qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər hər zaman Vətənimizin tərəqqi və inkişafına xidmət edib. «Milli mətbuatımız yarandığı andan etibarən özünün maarifçi ruhu ilə milyonların mənəvi intibahına, mədəni dirçəlişinə yardımçı olmuşdur. Böyük inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı görkəmli şəxsiyyətlərin, vətənpərvər ruhlu maarifpərvər qələm əhlinin böyük xidmətləri sayəsində bu gün öz layiqli yerini ala bilmişdir. Müstəqil dövlətimizin ümdə maraq və mənafelərinin ardıcıl müdafiəçisi olan Azərbaycan milli mətbuatının uğurları fəxarət doğurur».

Prezident İlham Əliyev cənablarının ali diqqət və qayğısı sayəsində milli mətbuatımızın inkişafı yönündə atılan addımların daha böyük uğurlara rəvac verəcəyinə əminliyin ifadə olunduğu məktubda eyni zamanda bildirilib: «Hamınıza Azərbaycanın şanlı jurnalistika məktəbinin ləyaqətli davamçıları olmağı, əlinizdəki qələmin müqəddəs olduğunu heç zaman unutmamağı və xalqımızın milli-mənəvi, dini-əxlaqi dəyərlərinə daima sadiq qalmağı Allahdan diləyirəm. Qoy Uca Yaradan öz Lütfünü hər zaman sizlərin üzərində bərqərar etsin!