Şeyxdən peyğəmbərin mövludu ilə bağlı - - Təbrik

seyxden-peygemberin-movludu-ile-bagli-
Oxunma sayı: 1640


“Bismillahir-rəhmanir-rəhim!

Bəşərə mükəmməl əxlaq nümunəsi və hidayətin çırağı kimi göndərilən Xatəmül-Ənbiya Peyğəmbərimiz Həzrət Muhəmmədin (s) mübarək mövludu münasibətilə bütün xalqımızı və müsəlman dindarlarımızı təbrik edirəm.

Aləmlərin Rəbbi yer üzünə göndərdiyi bütün peyğəmbərlərini əxlaqi vəzifələrlə mükəlləf etmiş və onlara öz cəmiyyətlərini islah etmək vəzifəsi verib. Fəqət sonuncu Peyğəmbərimiz  Hz.Muhəmmədin (s) mənəvi üstünlüyü onun təkcə mənsub olduğu cəmiyyətə deyil, bütün aləmlərə rəhmət olaraq göndərilməsindədir:

وَمَا أَرْسَلْنَاكَ إِلاَّ كَافَّةً لِّلنَّاسِ بَشِيرًا وَنَذِيرًا ... (ص)

“Ya Rəsulum! Biz səni (təkcə öz qövmünə deyil), bütün insanlara (Cənnətlə) müjdə verən və (cəhənnəm əzabı ilə) qorxudan bir Peyğəmbər olaraq göndərdik..” (Səbə`,28). 

 Bu gün İslam Peyğəmbərinin məfkurəvi möhtəşəmliyi onun təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül və bütün bəşəriyyətin mənəvi islahı  ideyalarındadır. Bu ideyalar həm müsəlman ümməti, həm bütün qeyri-müsəlmanlar üçün hələ də aktualdır, çünki onun təməlində müasir dünyamızın ziddiyətli problemlərinin mənəvi islahatlar yolu ilə həlli dayanır.           

Biz, Azərbaycan müsəlmanları, hər şeydən əvvəl, mübarək Mövludun  ölkəmizin dini ictimaiyyəti tərəfindən tədbirlər silsiləsi şəklində qeyd olunmasını  dövlət müstəqilliyimizin dindarlara bəxş etdiyi etiqad azadlığının bariz nümunəsi kimi dəyərləndirik. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev Təzəpir məscidində Hz. Məhəmməd (s) Peyğəmbərimizin mübarək Mövludunda iştirak edən və İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət rəhbərimiz olmuşdur. Şükürlər olsun ki, bu ənənəyə sadiqlik hissi bu gün də vardır və Hz.Muhəmmədin (s) xatirəsinə layiq olan həm din-dövlət vəhdətinin, həm də məzhəbi vəhdətin nadir nümunəsini ölkəmizdə yaşamaq və bəyan etmək imkanımız mövcuddur.

Bir daha mübarək Mövlud həftəsi münasibətilə dindarlarımızı təbrik edir, bu müəzzəm günlərdə hər kəsi Xatəmül-Ənbiyanın aləmlərə örnək olan əxlaqından bəhrələnməyə, onun kamillik məktəbinin davamçıları olmağa dəvət edirəm. Allah-təala hər birimizin yardımçısı olsun, dövlətimizi baqi, ümmətimizi əbədi etsin, inşallah!

Vəs-salamu əleykum və rəhmətullahi və bərəkatuh”.