Şeyxin adamları zəvvarları aldadıb- - Etiraz+Yenilənib

seyxin-adamlari-zevvarlari-aldadib-
Oxunma sayı: 3006


Azərbaycanlı zəvvarların bir çoxu artıq bir neçə gündür Məkkədədirlər və ziyarətgahları gəziblər. "Qafqazinfo" xəbər verir ki, Məkkədəki azərbaycanlı zəvvarlardan musavat.com-a verilən məlumata görə, zəvvarların böyük əksəriyyəti artıq otellərə yerləşiblər. Ancaq hər il olduğu kimi, bu il də Həcc səfəri ilə bağlı müəyyən narazılıqlar var. 

Bizə verilən bilgiyə görə, QMİ zəvvarları miqata aparmayıb. Zəvvarlara Bakı hava limanında niyyət etdirərək, Ciddədə ehram bağladıblar. Qeyd edək ki, həcc səfəri zamanı Məkkəyə çatan zəvvarların gəldikləri istiqamətdən asılı olaraq Məkkəyə çatmamış müəyyən məntəqələrdə həccin xüsusi geyimi olan ehram bağlaması qaydası var. Hazırda yalnız şiələr bu qaydaya riayət edərək Məkkənin qədimdən mövcud olan giriş məntəqələrinə gedərək ehram bağlayırlar. Ancaq keçən il olduğu kimi,bu il də QMİ mollaları zəvvarlara niyyət etdirərək Ciddədə ehram bağladıblar. Halbuki QMİ rəsmiləri arzu edənlərin miqata aparılacağını bildirmişdi. 

Bundan başqa zəvvarların bildirdiyinə görə, bu dəfə də Məkkəyə gələn zəvvarlar gündüz vaxtı, üstüqapalı avtobuslarda gətiriliblər. Halbuki kişilərin gündüz vaxtı Məkkəyə yalnız günəş altında, heç bir gündən qorunacaq vasitə olmadan gəlməsi şərtdir. Bu şərt pozulduqda isə kəffarə (cərimə) olaraq zəvvar qurban kəsməlidir. Ancaq QMİ nümayəndələri bu şərtləri bildikləri halda zəvvarları gündüz vaxtı avtobuslarla Məkkəyə gətiriblər. Bu isə dini hökmləri, həcc qaydalarını bilən zəvvarların etirazlarına səbəb olub.

Zəvvarların daha bir narazılığı isə yeməklərlə bağlıdır. Hər il olduğu kimi bu dəfə də zəvvarların qaldığı otellərdə yemək xeyli dərəcədə keyfiyyətsiz olub. Bu isə ciddi narazılığa səbəb olub. Hətta bizə çatan məlumata görə, son 3 gündə bir sıra otellərdə zəvvarlar yeməyi otelin bufetində deyil, şəhərdəki yeməkxanalara gedərək orda yeyirlər. 

***

Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova şeyxin adamlarının zəvvarları aldatması ilə bağlı yayılan xəbərə münasibət bildirib. R. Dadaşova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Həcc ziyarəti ilə bağlı hər bir şey qaydasındadır: “QMİ nümayəndələri  Həccin qaydalarını, bütün dini məsələləri çox gözəl bilən insanlardır. Bu qaydaların həyata  keçirilməsinə də məsuldurlar. Odur ki, heç bir problemdən söhbət gedə bilməz. Sadəcə bizim təşkilatçılıq işimizə qara yaxmaq üçün belə məlumatlar yayılır”. 

R. Dadaşova zəvvarlara verilən yeməklərin keyfiyyətsiz olması ilə bağlı deyilən fikirlərə də münasibət bildirib.

Onun sözlərinə görə, bu il 4000-ə yaxın adam Həcc ziyarətinə gedib: “ O qədər adamın hər birinin öz yemək zövqü var. Kimsə əlavə bir şey yemək istəyibsə, gedib kənarda yeyə bilər. Ümumilikdə isə, zəvvarlara çox yüksək keyfiyyətli yeməklər verilir. Belə xırda məqamlarla bu cür gözəl ziyarəti ləkələmək doğru deyildir”.

Günel Türksoy