Şeyxin addımı birmənalı qarşılanmadı

seyxin-addimi-birmenali-qarsilanmadi
Oxunma sayı: 638

İran tərəfi ilə belə bir razılaşmanın əldə edilməsi birmənalı qarşılanmayıb, hətta buna ciddi etiraz edənlər də var. Çünki ölkədə radikal dini fikirlərin və dinin siyasiləşdirilməsi meyllərinin yayılmasının səbəblərindən biri kimi azərbaycanlı gənclərin Qumda dini təhsil alması göstərilir.

Məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, ölkə vətəndaşlarının xaricdə dini təhsil alması qanunvericiklilə tənzimlənir. Belə ki, “Dini etiqad azadlığı haqqında” Qanunun 24-cü maddəsinə əsasən, vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübadiləsi Dövlət Komitəsi və Təhsil Nazirliyi ilə razılaşdırmaqla dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilə bilər.

Eyni zamanda Qanunun 21-ci maddəsində deyilir ki, islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikası vətəndaşları tərəfindən həyata keçirilə bilər.

G. İsmayılov bu sahədə ən optimal yol kimi ölkədə dini təhsilin səviyyəsinin yüksəldilməsinin zəruriliyini bildirib. Onun fikrincə, həm qanunvericiliyin tələbləri, həm də Azərbaycanın maraqları baxımından milli kadrların yetişdirilməsi üçün ən doğru variant gənclərin dini təhsil almaq məqsədilə xaricə göndərilməsi yox, ölkədə yetişdirilməsidir:

“Azərbaycanda dini təhsilin səviyyəsinin yüksəldilməsi, mövcud təhsil ocaqlarının daha keyfiyyətli kadrlar hazırlaması üçün hətta xaricdən ixtisaslı mütəxəssilər də cəlb etmək olar. Eyni zamanda, indiyədək xaricdə dini təhsil almış kadrların potensialından istifadə etmək üçün onların müəyyən kurslara cəlb edilməsi də mümkündür. Bu, həm ölkəmiz, həm də gənclərimiz üçün ən doğru variantdır. Gənclərimizin xaricdə dini təhsil alıb qayıtdıqdan sonra işsiz qalmağındandırsa, ölkədə yüksək dini təhsil alıb bu sahədə ixtisaslı kadr kimi cəmiyyətə xidmət göstərmələri daha doğrudur”.