Şeyxin İran səfəri - Video

seyxin-iran-seferi-video
Oxunma sayı: 676

Görüş zamanı Şeyx prezident İlham Əliyevin salamlarını çatdırıb və deyib ki, dövlət başçısının İrana və Xameneyiyə böyük ehtiramı var. Şeyx daha sonda İlham Əliyevin bu fikrini çatdırıb: “İran və Azərbaycanın dost xalqları arasına girmək, bu münasibətləri pozmaq istəyən qüvvələr hər iki tərəfdə ola bilər. Amma xahiş edirik ki, belə xırda məsələlərə cənab Xameneyi fikir verməsin, biz fikir vermirik”.

Şeyx Xameneyiyə onun Heydər Əliyevlə görüşünü xatırladıb və İlham Əliyevin də İran İnqilabının rəhbərinə böyük ehtiram bəslədiyini deyib. Azərbaycan prezidentinin birbaşa təşəbbüsü və maddi dəstəyi ilə inşa edilən və təmir olunan məscidlər barədə danışan Şeyxin sözlərinə görə, son 10 ildə 200 məscid tikilib, 80 məscid isə əsaslı bərpadan sonra insanların ixtiyarına verilib. Şeyx bu faktları Azərbaycan dövlətinin, onun rəhbərinin dinə olan münasibəti kimi dəyərləndirib.

Qarabağ müharibəsində İranın köməyini xatırladan Şeyx buna görə minnətdarlığını bildirib.

İran İnqilabının rəhbəri Xameneyi isə Azərbaycanla bağlı aldığı şad xəbərlərdən sevindiyini gizlətməyib, Azərbaycan və İranı bir-birinə bağlayan tellərin çox olduğunu vurğulayıb: “Siz Tehranda öz evinizdəsiniz. Biz özümüzlə sizin aranızda heç bir məsafə görmürük. Əlaqələrimiz günbəgün güclənməlidir. Bir birimizə daha çox yaxınlaşmalıyıq. Dünyada bizim dostluğumuzu istəməyən qüvvələr var. Onlar çox çalışır ki, bu ölkələrin insanlarını bir-birindən ayırsınlar. Onların qarşısında biz dayanmalıyıq”

Ayıq olmağı tövsiyyə edən Xameneyi deyib ki, yalnız bu halda təfriqə yayanlara qalib gəlmək olar. Xameneyi Azərbaycanın güclü dini keçmişə malik olduğunu qeyd edərək bu gün də ölkədə dini sahədə görülən işlər barədə məlumatlı olduğunu diqqətə çatdırıb. Bundan sonra da bu işlərin davamlı olmasını arzulayıb.

Xameneyi Heydər Əliyevin hələ Naxçıvanda işlədiyi dövrdə İrana səfərini xatırladıb və maraqlı bir hadisəni danışıb. “O vaxt mənimlə Məşhəddə görüşən Heydər Əliyev dedi ki, Sovet İttifaqı rəhbərliyində işləyərkən çoxlu binalar, zallar və s. tikib, amma məscid inşa etdirməyib. İndi isə məscid tikdirmək istədiyini dedi, özü də bunu farsca dedi. Biz uğur arzuladıq, hətta kömək də etdik”.

Xameneyi millətin güclənməsində dinin rolunu xüsusi qeyd edib və bildirib ki, bu amil milləti içindən güclənirir. O, bir daha salamlarını və ürək sözlərini İlham Əliyevə çatdırmağı rica edib, dinin inkişafı yolunda uğurlar arzulayıb.

Azərbaycan Ağsaqallar Şurasının sədri Fəttah Heydərov isə çıxış edərək müsəlman dünyasının ən işıqlı insanlarından biri ilə üzbəüz oturmaqdan məmnun olduğunu söyləyib. Heydər Əliyevlə uzun müddət çalışdığını xatırladan F.Heydərov qeyd edib ki, Heydər Əliyevin ürəyində Allah sevgisi var idi: “Bu sevgi İlham Əliyevə də keçib. Elə bu Allah sevgisi də İlham Əliyevi həmişə qoruyub, xilas edib”

Xameneyi görüşdə tez-tez Azərbaycan dilinə müraciət edirdi ki, bu da ümumi atmosferə istilik və xüsusi ab-hava gətirirdi.

Şeyx Azərbaycan xalqı adından Xameneyidən Azərbaycan dövləti, millətimiz üçün, Qarabağ məsələsinin həlli üçün namazlarında dua etməyi xahiş edib. Xameneyi isə səmimiyyətlə bunu edəcəyinə söz verib.

Sonda Şeyx Bakının rəsmini İran İnqilabının rəhbərinə təqdim edərkən zarafat da edib: “Mən Sizi Bakıya dəvət etmişəm, amma gələ bilməmisiniz. Bu dəfə Bakını gətirdim ki, baxıb həvəslənəsiz və gələsiniz”.

Xameneyi dəvəti məmnunluqla qəbul edib. Səmimi keçən görüş elə bu ovqatla da başa çatıb.

Qeyd edək ki, Şeyxin başçılıq etdiyi nümayəndə heyətinə Milli Məclisin üzvləri – Fəttah Heydərov, Mübariz Qurbanlı, Eldar İbrahimov, Şəmsəddin Hacıyev, Cavanşir Paşazadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Sabir Həsənli, İran İslam İnqilabı rəhbərinin Azərbaycandakı nümayəndəsi Ocaq Nejad, ANS Şirkətlər Qrupunun perzidenti Vahid Mustafayev və QMİ-nin təmsilçisi Zülfüqar Fərzəliyev daxildir.



anspress