Şeyxülislam “Facebook”da!?

seyxulislam-facebookda
Oxunma sayı: 639

Katoliklərin bir həftədən çoxdur ki, gözlədiyi açıqlama nəhayət gəldi. Roma Papası Benedict XVI Bakı vaxtilə saat 15:00-da ingilis, fransız, ərəb dilləri də daxil, 8 dildə dünyaya üz tutdu. Beləcə, Benedict XVI Katolik kilsəsi tarixində sosial şəbəkədən birbaşa yararlanan ilk Papa oldu.

Papanın ilk tviti dekabrın 12-də yayımlansa da, Vatikan Kilsəsi bu barədə elanı dekabrın 3-dən yayırdı. O tarixdən bəri ötən 9 gün boyunca «Twitter»də Benedict XVI-nın izləyicilərinin sayı bir milyonu aşıb. Təkcə ingilisdilli izləyicilərin sayı elə 700 mindən çox olub. Vatikanın elanında bu da bildirilirdi ki, Papa ilk tvitindən sonra ona ünvanlanan bəzi sualları da cavablayacaq.
«Twitter»də #Askpontifex (Papadan soruş) açar sözüylə axtarışa başlasan, arzuolunmaz suallarla da üzləşə bilərsən, axı. Yəni, Papa o zaman «Kilsənin antisemitizmə münasibəti necədir?», «2Pac cənnətdədir?», «Bu gecə çox dua etsəm, İsa mənə «Kraftwerk» qrupunun konsertinə bilet verər?», «Bu il «Super Bowl»un qalibi kimi seçirsiniz?», «Dünya gəncləri üçün nə edirsiniz?» qəbilindən sualları da cavablamağa məcbur qalardı.

ŞEYX ELEKTRON MƏKTUBLARI OXUYUR

Papanın tvit olayının işığında dünya müsəlmanlarına göz ataq. Heç uzağa getməyib bütün Qafqazın şeyxülislamı Hacı Allahşükür Paşazadənin sosial şəbəkələrə bağlanıb-bağlanmadığını öyrənək. Öncə bunu deyək ki, hörmətli şeyxin heç bir sosial şəbəkədə səhifəsi yoxdur. O, inanclı insanlarla Qafqaz Müsəlmanları İdarəsinin saytı vasitəsilə əlaqə saxlayır. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova belə deyir. Hələlik, sosial şəbəkələrdə nə idarənin, nə də şeyxülislamın səhifəsi var:

«Bizi qane etdiyi üçün bu formatla əlaqə saxlayırıq. İstisna deyil ki, gələcəkdə insanlarla əlaqə qurarkən sosial şəbəkələrdən də faydalanacağıq, indilik buna ehtiyac duymuruq. Biz elektron poçtu izləyib, sualları çap edir, Şeyxülislam həzrətlərinin diqqətinə çatdırır və sonra cavabları tərtib edib ünvanına göndəririk».

Rəhimə Dadaşova sosial şəbəkələrdən kimisə nümunə götürərək deyil, tələbata görə yararlandıqlarını söyləyir.

«Məşədi Dadaş» məscidinin axundu Hacı Şahin Həsənli sosial şəbəkələrə elmin nailiyyəti kimi yanaşır və dini liderin insanlarla bu şəbəkələr vasitəsilə ünsiyyətini alqışlayır:

«Sosial şəbəkələr insanlarla ünsiyyətdə olmaq üçün fürsətdir. Din xadimləri bundan yararlanmalıdırlar».

Hacı Şahin Həsənlinin adına «Facebook» sosial şəbəkəsində bir neçə səhifə var. Yeddi mindən çox izləyicisi olan həmin səhifələri vaxtı yetmədiyindən özü yox, yaxınları idarə edir. Ünvanlanan sualları isə özü cavablandırır.

Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev sosial şəbəkələrdən uzaq olduğunu, şəriət buna icazə vermədiyini vurğuladı.

«BU, DÜNYAYA YENİ BİR AÇILIŞDIR»

«Görəsən, biz o günü görəcəyik ki, din adamlarının, Qafqaz Müsəlmanları İdarəsi başçısının «Facebook» və «Twitter»də səhifəsi olsun?». Bu sualı özünə verib elə özü də cavablayan ilahiyyatçı Elşad Miri bədbinliyini dilə gətirdi.

Onun fikrincə, qurumun saytının təzəlikcə yaradılması və elə saytda da sadəcə rəhbərliklə bağlı məlumatların verilməsi göstərir ki, burada ya rəhbərlik dəyişməlidir, ya da qurumda bununla bağlı ayrıca idarə yaradılmalıdır:

«Əlbəttə, Roma Papasının nə yaşı, nə vaxtı imkan verməyəcək ki, bütün yazılan sualları oxusun, cavab versin. Amma istənilən halda bu, dünyaya yeni bir açılışdır. Təkcə mənə - müstəqil bir ilahiyyatçıya «Facebook»da dinlə bağlı mindən çox sual gəlirsə, təsəvvür edin, belə bir şeyi o qurum etsə, görün, nə qədər sual axışar. Bu qurum da görər ki, onlara kimlər güvənir, kimlər inanır, insanlar nə düşünür».

Elşad Mirinin fikrincə, əslində hər məscidin sosial şəbəkələrdə öz səhifəsi olmalıdır:

«Məscidlərin rəhbərliyi ilə bağlı e-maillər olmalıdır. Bizim axundların çoxunun nəinki şəxsi saytı, e-mail-i var, hətta telefonlarında ancaq hər hansı mərhumun qırxı və yeddisinə dair məlumatlar var. Bu sahədə biz çox yavaş davranır, internetin olmadığı dövrdəki kimi hərəkət edirik».

Roma Papası Benedict XVI bir saat ərzində üç tvit atıb. Papanın izləyiciləri hər dəqiqə artsa da, o, ancaq özünün digər dillərdəki səhifələrini izləyir. /azadliq.org/