Şeyxülislam Şimali Qafqaza səfər edib

seyxulislam-simali-qafqaza-sefer-edib
Oxunma sayı: 636

Təntənəli iclas müqəddəs Quarni-Kərimin ayələrinin tilavətilə öz işinə başlayıb. Təbrik nitqi ilə iştirakçılara müraciət edən Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov çıxışında Azərbaycan Respublikasının, Qafqaz Müsəlmanları İdarəsinin və şəxsən onun sədri Şeyxülislam Allahşükür Paşazadənin rusiyalı dindarların Həcc səfərləri zamanı ölkə ərazisindən keçidlərinə yaratdıqları şəraitin vacib rolunu qeyd edib. Çeçenistan başçısı bu məsələdə Qafqaz müsəlmanlarının ruhani liderinin əvəzsiz xidmətlərinə görə onun “Çeçenistan Respublikasının ilk prezidenti Əhməd hacı Kadırovun 60 illik yubileyi” şərəfinə təsis edilmiş medalla təltif olunması barədə Fərmanı oxuyub. O, həmçinin region xalqları arasında dostluğun möhkəmlənməsində, terrorçuluq, radikalizim və separatçılığa qarşı prinsipial mövqeyinə görə və çeçen xalqının minnətdarlığının ifadəsi olaraq Qroznı şəhərinin küçələrindən birinin Şeyxülislam Allahşükür Paşazadənin şərəfinə adlandırılması barədə qərar qəbul edildiyini bəyan edib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək iclas iştirakçılarına Azərbaycan xalqının və onun başçısı Prezident İlham Əliyevin təbriklərini çatdırıb. Çıxışı zamanı Şeyx həzrətləri diqqəti regionun müsəlman ruhani idarələri qarşısında dayanan mühüm məsələlərə yönəlldib. Şeyxülislam qarşıda duran ümdə vəzifələr kimi ənənəvi İslamın aktiv təbliğatı, gənclərlə düşünülmüş işin aparılması, İslam ali məktəb və mədrəsələrinin tədris prosesinin inkişafı, cəmiyyətin geniş təbəqələrinin, ziyalıların terrorçuluq və ekstremizmə qarşı mübarizəyə cəlb edilməsinin vacibliyini vurğulayıb. Şeyx həzrətləri qeyd edib ki, xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsi Qarabağ probleminin də daxil olduğu bir çox məsələlərin həllinə öz müsbət təsirlərini göstərə bilər.

Daha sonra Rusiya Federasiyası Prezident Administrasiyasının Departament rəisi İ. Barinov Rusiya dövlət başçısı V. Putinin iclas iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub.

Çıxışçılar arasında RF Federal Məclisinin Federal Şurasının sədrinin müavini, Rusiya Həcc məsələləri üzrə səlahiyyətlisi İlyas Umaxanov dayer alıb. Rusiya Həcc missiyası müddətində 200 mindən artıq dindar İslamın müqəddəs ziyarətini yerinə yetirməsindən danışan natiq qeyd edib ki, hər il 15 min zəvvar müqəddəs yerlərə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə səfər etmiş və hər dəfə də ölkə rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsinin və sadə vətəndaşların qayğı və diqqətlərini öz üzərilərində hiss ediblər. Məhz bütün bunları nəzərə alaraq Rusiya müsəlmanları ruhani idarələri ilə davamiyyətli və konstruktiv əməkdaşlığa görə Federasiya Şurasının rəhbərliyi Zati-aliləri Şeyxülislamı Fəxri Fərmanla təltif etməyi qərara alıb deyə natiq vurğulayıb.
İclasın sonunda Rusiya müsəlmanlarına müraciət qəbul edilibvə elə həmin gün də Şeyxülislam Allahşükür Paşazadə Mahaçqalaya gəlib. Dağıstan Respublikası başçısının iqamətgahında Maqomedsalam Maqomedovla görüşən Şeyxülislam həzrətləri Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli ilahiyyatçı Səid Əfəndi Çirkeyskinin faciəvi qətlilə bağlı respublika rəhbərliyinə və Dağıstan xalqlarına ünvanladığı başsağlığını çatdırıb. Şeyxülislam qeyd edib ki, mərhumu şəxsən tanıyırdım və ona təkcə Dağıstanda deyil, Azərbaycanda da dindarlar arasında böyük ehtiram var idi. Terrorçuların Səid Əfəndini qətlə yetirməklə məqsədlərinə çatmayacaqlarına, ruhaninin işini onun çoxsaylı müridləri tərəfindən davam etmələrinə ümidvar olduğunu bildirən şeyx Prezident Maqomedsalam Maqomedov Şeyxülislama təşəkkürünü bildirərək qeyd edib ki, Dağıstan xalqları çətin anlarda həmişə Azərbaycan xalqının, onun prezidentinin və dini liderinin dəstəyini hiss edib.

Qeyd edək ki,elə həmin günün axşamı Şeyxülislam Allahşükür Paşazadə Bakıya qayıdıb. Səfərdə onu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr İşein müşayiət edib.