Şeyxülislam təkliflər irəli sürdü

seyxulislam-teklifler-ireli-surdu
Oxunma sayı: 632

QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, QMİ sədri “Ənənədən gələcəyə doğru: Avrasiyanın İslam üfüqü” mövzusunda keçirilən Avrasiya İslam Şurasının VIII zirvə toplantısında çıxış edib. Şeyxülislam A. Paşazadə noyabrın 21-də keçirilən toplantıya sədrlik edib. Öz məruzəsində Qafqazın dini lideri Zirvə toplantısında təkcə müsəlman ümmətini deyil, bütün bəşəri narahat edən məsələlər – qloballaşan dünyada xalqların və millətlərin mədəni inkişafı, dini mentalitetin qorunub saxlanılması problemlərinə də münasibət bildirilməsinin təqdirəlayiq olduğunu bildirdi, bu işində Şuraya böyük uğurlar arzulayıb.

Toplantıya böyük nümayəndə heyəti ilə - Azərbaycan və Dağıstanın dini məsələlərə məsul dövlət rəsmiləri, Qafqaz bölgəsinin müsəlman icmalarına rəhbərlik edən nüfuzlu din xadimləri, Qafqaz xalqları Ali Dini Şurasının üzvləri ilə birgə qatıldığını diqqətə çatdıran Şeyxülislam A. Paşazadə xalqlarımız arasında əsrlərdən bəri davam edən dini-mənəvi mübadilənin müstəqilliyimizin bərpasından sonra yeni, daha səmərəli əməkdaşlıq formatına daxil olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırıb. O bildirdi ki, din xadimləri bölgədə kəskin hərbi-siyasi münaqişələrin yaşandığı bir zamanda bir sıra qonşu dövlətlərin sülh və təhlükəsizlik naminə fəaliyyətlərini yüksək dəyərləndirirlər və istərdilər ki, bölgədə hərbi əməliyyatların dayandırılmasında Avrasiya İslam Şurasının da fəal münasibəti və ciddi mövqeyi birgə bəyanatlarda öz əksini tapsın.

Narahatedici digər problemin müəyyən daxili və xarici qüvvələrin din pərdəsi altında müxtəlif radikal hərəkətlərə yol vernəsi, yerlərdə vətəndaş qarşıdurması yaratmağa cəhd etməsi və bununla da cəmiyyətdə dini təmayüllərin inkişafına ciddi zərbə vurduqlarından ibarət olduğunu bildirən Şeyxülislam A. Paşazadə, ölkələrimizin milli və dini dəyərlərinə, ənənəvi İslamın əxlaqi prinsiplərinə uyğun olmayan, məzhəb ayrı-seçkiliyinə yönəldilən zərərli dini cərəyanların təbliğinin qarşısının alınması işində birgə səylərin davam etdiriməsi və əməkdaşlığın gücləndirilməsinin olduqca vacib olduğunu vurgulayıb. Bu məqsədlə Avrasiya İslam Şurasının tərkibində əlaqələndirici işçi qrupunun və ya Koordinasiya Mərkəzinin yaradılmasının məqsədəuyğun olduğunu bildirən Şeyxülislam A. Paşazadə aşağıdakı təkliflərlə çıxış edib:

1. İşçi qrupu milli-mənəvi dəyərlərin və islami qardaşlıq əlaqələrinin daha da genişləndirilməsi vacibliyindən çıxış edərək qarşılıqlı görüşləri və beynəlxalq tədbirləri mütəmadi şəkildə təşkil etsin; bu tədbirlərin bütün üzv ölkələrdə keçirilməsi də nəzərdə tutula bilər.
2. Ali dini təhsil müəssisələri müəllim və tələbələrinin, habelə imam, axund və vaizlərin təcrübə mübadiləsi aparılsın;
3. Həcc mövsümündə müxtəlif təşkilati problemlərin həlli istiqamətində dini qurumlar arasında qarşılıqlı yardımlaşma təmin edilsin;
4. Çox təqdirəlayiq olardı ki, işçi qrupu və ya Koordinasiya Mərkəzi Avrasiya İslam Şurasına daxil olan dini qurumların müştərək mətbu orqanını, internet saytını, kitablarını və dini tədris müəssisələri üçün vahid dərsliklərini hazırlasın;
5. Hər ölkənin xüsusi müxbirlərinin təmsil olunduğu Telekanalın açılması da bizim informasiya məkanına qatılmağımıza böyük yardım edə bilər.

Belə fəaliyyətlərin təşkilində qardaş Türkiyə dövlətinin təcrübəsinin çox önəmli olduğunu vurğulayan Şeyxülislam A. Paşazadə Mərkəzin baş ofisinin İstanbulda yerləşməsinin daha məqsədəuyğun olduğunu bildirib.

Moderator qismində çıxışı zamanı Şeyxülislam A. Paşazadə qeyd edib ki, Avrasiya İslam Şurasının üzvləri kimi bizim üzərimizə düşən vəzifələr – regionda və bütün dünyada sülhün və əmin-amanlığın bərqərar olması, cəmiyyətdə mənəvi-əxlaqi təməllərin yaradılması və ənənəvi dəyərlərin qorunması naminə din xadimlərinin səylərinin birləşdirilməsinə nail olmaqdır. Bugün biz bəşərin kütləvi bəlalardan xilası və insanlığın rifahı naminə birlik və tolerantlığımızı qoruyub saxlamalıyıq. Çünki bunu bizə həm Müqəddəs Kitabımız, həm də Xatəmul-Ənbiya Peyğəmbərimizin (s) hədisləri ehtiva edir. Necə ki, Qur`ani-Kərimdə buyurulur: “Ey insanlar! İçərinizdə (insanları) xeyrə çağıran, yaxşı işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Məhz onlar nicat tapmış kimsələrdir” (“Ali-İmran”, 104).

Sonda tədbir iştirakçılarına, başda Türkiyə dövlətinin Cümhurbaşkanı Abdulla Gül və Başbakan Rəcəb Tayyib Ərdoğan olmaqla ölkə rəsmilərinə, Diyanət Başkanlığı rəhbərliyinə və bu ali tədbirin yüksək səviyyədə təşkilində xidmətləri olan hər bir kəsə minnətdarlığını bildirən Şeyxülislam A. Paşazadə Avrasiya İslam Şurasının keçirdiyi iclasların müsbət nəticələrinin dünya müsəlmanlarının birliyinə və rifahına xidmət edəcəyinə əmin olduğunu bildirib.