Sifətimizə çırpılan güllər

sifetimize-cirpilan-guller
Oxunma sayı: 648


20-ci əsrdə Azərbaycan xalqı da Azadlıq mübarizəsinə qalxdı. Bu mübarizə bir xalq olaraq bizlərə baha başa gəldi. Vətən adlandırdığımız məmləkətin bir hissəsini itirmək kimi ağır bir sınaqla üzbəüz qaldıq. Bir hissəsini itirdiyimiz Vətənə ana deyirik. Biz ana dediyimiz bu varlığın bir hissəsini itirmişik. Hər hansı bir əzasını itirmiş canlılara şikəst deyirlər. Biz anasının şikəst olaraq yaşamasına dözən məxluqlar kimiyik. Doğrudur heç kim anasını şikəst görmək istəməz. Amma bundan ötru ancaq seçilmişlər canını fəda edir. Və bizim seçilmişlər arasında qadınlar da var. Şəhidlər Xiyabanındakı qadınları deyirəm...

Çoxunun ölüm qorxusundan kim bilir harada gizləndiyi bir vaxtda onlar gizlənmədilər. Çünki yaxşı dərk edirdilər ki, ölümdən qorxan xalqlar ölümə məhkumdur.
Bəzən kimlərsə onları zəif məxluqlar adlandırır. Onlar zəif deyil. Və elə düz də edirlər ki, bu sözə etiraz edirlər. Onlar zərifdirlər. Zərif olduqları qədər də güclü. Həm fiziki həm də mənəvi mənada güclü.
Zərif məxluqları Şəhidlər Xiyabanında görmək nə qədər ağırdır. Amma bu məkanda olanlarla həm də qürur verir, insana.

Kim bilir onlar nə düşünüb döyüşə atılmışdılar və son nəfəsdə nə düşündülər? Kimi qınadılar? Bəs bu gün kimi qınayır, onların ruhu?

Bizim hamımızın boynunda haqları var onların. Bu haqqı ödəmək üçün nələr etməliyik görəsən?

Bəzən adamı maraq götürür. Görəsən onlar öz aralarında bizim haqqımızda söhbət edirlərmi? Edirlərsə, görən nədən danışırlar?
Əslində gülməli sualdır. Məgər bilmirikmi nədən danışırlar?

Gülü çox xoşlayır qadınlar. Amma o qadınların könlünü güllə ovutmaq olarmı? Bəlkə də olar, bəlkə də yox. Bəlkə də onlar ürəyi genişlik edir? Bizlərə qarşı. Onlara hər dəfə gətirdiyimiz gülləri sifətimizə çırpmamaqla.

Axı onlar savaşa qalxmışdılar. Biz isə onların könlünü güllə ovutmaq istəyirik. Kimi aldadırıq? Özümüzümü?
Bəlkə, onları aldatmaq istəyirik?

Amma gərək dərk edək ki, onların ruhunu nə məzarları üzərinə düzdüyümüz güllə, nə məzarları önündə tökdüyümüz göz yaşı ilə, nə də ibarəli dualarla ovutmaq olmaz. Onların ruhunu qələbə ovundura bilər.

Onlara qələbə hədiyyə etmək lazımdır. Amma biz hələ də bu müqəddəs məkanda - Şəhidlər Xiyabanında uyuyan zərif məxluqların qarşısında əliboş dayanırıq. Onlara hədiyyə edə biləcəyimiz yeganə arzularını gerçəkləşdirə bilmirik. Onlarsa bizə baxır. Hər dəfə də gözlərimizin içərisinə. Biz də onların gözünə baxırıq. Heç nə olmamış kimi.