“Silaha əlvida” nümayişi keçirildi

silaha-elvida-numayisi-kecirildi
Oxunma sayı: 638

Tripolinin “Şəhidlər” meydanında toplanan minlərlə liviyalı uzun müddət davam edən toqquşmalardan sonra Qəzzafi rejimini devirən silahlı qüvvələrin dekabr ayının 20-dək şəhərdən çıxarılması tələbi ilə nümayiş keçiriblər.
İki gündür ki, yolları bağlayaraq, milislərə aid ağır texnika daşıyan maşınların şəhərin küçələrində dolaşmasına mane olan paytaxt sakinləri qadınların və uşaqların da iştirak etdiyi nümayişdə “Xidmətlərinizə görə təşəkkür edirik, ancaq artıq silahı yerə qoyun”, “Artıq silaha deyil, sülhə ehtiyacımız var” və “Silah səsi eşitmək istəmirik” yazılı lövhələr daşıyıblar.
Sakinlər hər gecə silah səsi eşitməkdən təngə gəldiklərini bildirərək, artıq Qəzzafinin yaşamadığını və buna görə də sülh və əmin-amanlıq içərisində yaşamaq istədiklərini qeyd ediblər.
Məlumat üçün deyək ki, Liviyanın Baş naziri Əbdürrəhim əl-Kib ilə bir araya gələn Tripoli Şəhər Şurasının üzvləri dekabr ayının 20-dək silahlı qruplaşmaların paytaxtdan çıxarılmasını tələb etmiş, əks təqdirdə paytaxtın bütün yollarını bağlayaraq, nəqliyyatı iflic vəziyyətinə salacaqları barədə xəbərdarlıq etmişdilər.


azerimuslims