Simarə İmanova, Ankara və “Sarı gəlin”

simare-imanova-ankara-ve-sari-gelin-
Oxunma sayı: 923

Mədəniyyət və Turizm Nazirliyinin xəttilə gerçəkləşən səfərdə xanəndə bir neçə ölkədən olan peşəkar sənətçilərlə öz təcrübəsini bölüşüb. Eləcə də həmin sənətçilərin təcrübəsi ilə tanış olub.

Vətənə dönən S. İmanova “Qafqazinfo”ya bildirib ki, qarşılıqlı treninq mübadiləsində Azərbaycan, Türkiyə, İsrail, Yunanıstan və Fransa sənətçiləri iştirak edib: “İDEOGRAM layihəsi çərçivəsində ilk treninq noyabrda Fransada keçirilmişdi. Türkiyədəki treninqə də eyni iştirakçılar qatılmışdı. Fərq onda oldu ki, bu treninqdə başqa iştirakçılar da vardı. Xüsusən də tələbələr çox idi. Onlar muğam öyrənməyə daha həvəsli idilər. Bu səfər də maraqlı keçdi. Layihə iştirakçıları ilə artıq bir ailənin üzvü kimi olmuşuq”.


Xanəndə bir həftə davam edən treninq ərzində iştirakçılara “Bayatı-kürd” muğamını, 5-6 xalq mahnısı və bir neçə təsnif öyrədib.

S. İmanova TÜRKSOY tərəfindən 2012-ci ilin “Mirzə Fətəli Axundov ili” elan edilməsi ilə əlaqədar Ankarada keçirilən rəsmi açılış mərasimində də iştirak etdiyini bildirib. Türkdilli ölkələrin mədəniyyət nazirlərinin və digər rəsmi şəxslərin iştirak etdiyi tədbirdə xanəndəmiz “Sarı gəlin” mahnısını oxuyub.

Nigar Məmmədli