Simasız saytların aqibəti

simasiz-saytlarin-aqibeti
Oxunma sayı: 1788

Qan Turalı 

Azərbaycan mediası müstəqillik illərində bir çox mərhələlərdən keçmişdi.

Senzuranın ləğvindən sonra medianın dirçəlməsi fonundan son illərdə internet mediası aparıcı mövqelərə yiyələndi.

Bir zamanlar nüfuzlu qəzetlər vardı, lakin indi onlar belə cididi şəkildə oxucu azlığından əziyyət çəkirlər.

İnternet mediası indi daha populyardır.

Hər şeydən qabaq internet mediası pulsuzdur.

İnternetə çıxışı olan hər hansı bir cihazla xəbər daşıyıcılarına çatmaq mümkündür.

Laklin internet media özü-özlüyündə yeni problemlər gətirir.

Əvvəllər 16 səhifəlik qəzetlərdə makimum halda 10-15 xəbər olardı.

Bu ölkəmizin ərazisi və xəbər tutumu nəzərə alındıqda normal bir rəqəm idi.

“Nyu York Times” qəzetinin şüarı da budur: “Çap edilməyə layiq bütün xəbərlər”.

İnternet media isə hər gün yüzdən artıq xəbər yayır.

Bu qədər xəbər bizim nəyimizə gərəkdir?

Jurnalistləri də qınamalı deyil.

Hər gün elektron poçta press-reliz bombardmanına tutulur.

Xəbər kimi çap etdiyimiz şeylərin çoxu xəbər deyil.

Hansısa bir rayonda baş vermiş yol qəzasının ölkə ictimaiyyətinin diqqətinə çatdırılmasının nə əhəmiyyəti ola bilər?

Biz dəhşətli bir xəbər burulğanına düşmüşük.

Araşdırma yox, təhlil yox, tənqid yox, müsahibə az, müəllif yazıları ümumiyyətlə yoxa çıxıb. 

Jurnalsitlər də, oxucular da bu vəziyyətdən şikayətçidirlər.

Bəzən iş elanları rastıma çıxır, sayta xəbər qoyan adam axtarırlar.

Hətta bu yaxınlarda xəbərin birini 50 qəpiyə qoyan adam işçi axtarılırdı. 
Jurnalistə tələbat azalıb.

İnternet mediası sayəsində mətbu orqanlar da öz simalarını itirirərək bir-birilərinə bənzəməyə başlayıblar. 

Yaradıcılıq səviyyəsi çox aşağılara düşüb.

Hamı acgöz kimi xəbər oxuyur.

Amma xəbər nədir?

“Bəziləri bəzi şeylərin bəzi yerlərdə çap edilməsini istəmirlər. Biz o şeylərə xəbər deyirik”. 

Qısacası, xəbər bizə gələn şey deyil, əksinə bizim tapdığımız şeydir.

Üstəlik, onu çap etməyimizi də istəmirlər.

Praktikada isə nazirliklər öz fəaliyyətləri ilə bağlı ən gərəksiz bir xəbəri mediaya ötürməyə həvəslidirlər.

Ancaq siz onlardan hansısa bir məsələ ilə bağlı açıqlama almaq istəsəniz min dərədən su gətirəcəklər.

Hətta bu yaxınlarda bir mətbuat xidmətinin rəhbəri demişdi ki, soruşulan məsələ ilə bağlı söz deməyə səlahiyyəti çatmır.

Və o haqlı idi.

Sosial medianın inkişafı da jurnalistikaya zərər vurmaqdadır.

Bir çox səhifələr ümumiyyətlə medianın funksiyalarını öz üzərlərinə götürüblər.

Və sosial media istifadəçiləri də hansı xəbəri hardan oxuduqlarının fərqinə də varmırlar.

Media savadlılılığı deyilən bir şey var.

Yəni, oxuduğunu anlamağı təhlil etməyi bacarmaq.

İnsanların bir çoxu bu qabiliyyətdən məhrumdur.

Buna görə də sosial mediada uydurma xəbərlərin yayılmasıl üçün münbit vasitədir.

Amerikada “Papa Trampı dəstəklədi” xəbəri milyonlarla dəfə paylaşılmışdı.

Ölkəmizdə də bu cür nümunələr var.

Paşinyanın xalqımız haqqında dediyi sözlərlə bağlı məsələ təzəlikcə olub. 

Amma media bu cür başıpozuq davrana bilməz.

Onun məsuliyyəti var və fəaliyyəti qanunlarla tənzimlənir.

Lakin medianın zəifləməsi, bozlaşması, xəbər istehsalçısı funksiyalarından vaz keçməsindən yaranan boşluğu sosial media doldurur.

Bu vəziyyətdə də istənilən yalan xəbər filtersiz şəkildə yayıla bilir.

Bu situasiya müharibə vəziyyətində olan ölkəmizin informasiya təhlükəsizliyi sahəsində çox ciddi suallar yaradır.