Azər Qismət
İstehsal etdiyi mallarını xaricə çıxaran özəl şirkətlərindən birinin avtobusu yoldakı çala-çuxura düşsə də, yenə sürətlə şütüyürdü. Adamlarla bərabər maşının da içi tökülürdü. Zombiyə çevrilən sürücünün beynində nələrin düşünüldüyünü kimsə bilməzdi. Məlum oldu ki, şirkət onu tapşırığa göndərib. O isə kəsə yolla gedərək tapşırığı yerinə yetirib. Və paralel olaraq bir metrostansiyadan digərinə sərnişin daşıyır. Qanunsuz fəaliyyətlə məşğul olub bir-iki reysdən məvacibindən əlavə 5-10 manat da qazanır. Şirkətdə ünvanlanan “niyə gec gəldin, niyə benzin çox işlənib” sualına yolların tıxac olduğunu, guya alternativ yolla getməyə məcbur qaldığını bildirir. Bununla da benzin itkisini yalanla kompensasiya edir. Nəticədə şirkətə ziyan vurulur. Səbəbi də odur ki, işçinin məvacibi kəsilib. İşçi heyfini bu yolla çıxır. Şirkət qənaət rejiminə keçib, amma xəbəri yoxdur ki, xeyli dala düşür. Deməli, əməkdaş həm əmlaka ziyan vurur, həm də benzindən oğurlayır.
Ümumiyyətlə, müxtəlif xarakterli insanlar məvaciblərinin kəsilməsinə elə müxtəlif reaksiyalar göstərirlər. Onların arasında heyfini gizli çıxanlar da az deyil. Adamlar var ki, günün günorta çağı işığı yandırır. İşinə qanuni don geyindirmək üçün deyir ki, gözüm pis görür. Bununla da içindəki xıltını tökür. Printdən qəsdən çox kağız çıxarıb korlayır, gizlicə divarları cızır, divar kağızlarını qoparır. İstəyir ki, şirkət xərc çəkib təmirə pul ayırsın. Kafedə işləyənlər qəsdən boşqabları salıb sındırırlar, yanğınsöndürən hadisə yerinə gec çatıb idarənin adını bədnam edir, futbolçular sözü bir yerə qoyub qəsdən uduzurlar ki, məşqçini çıxarsınlar və sair.
Məvacibi kəsilən əməkdaşın özünəməxsus dırnaqarası fəlsəfəsi bundan ibarətdir ki, “mənə qismət olmadısa, indi canından çıxsın, təki pulun xərclənsin, əlavə qazancın olmasın, pul havaya sovrulsun”. Bəzən işçinin məvacibi haqlı olaraq kəsilir. Ya üzürsüz yerə işə gecikir, ya tapşırıqları yerinə yetirmir. Ancaq buna baxmayaraq onlar səbəbini axtarıb tapmağı düşünmür, birbaşa gizli dırnaqarası fəaliyyətə keçirlər. Belə şəxslər istənilən addımı atmağa hazırdırlar. Onlar müdirin ölümündən tutmuş şirkətin bağlanmasına qədər istənilən murdar dualar edərlər.
Avtobusun sürücüsünün gözündə kin və qisas hissləri alovlanırdı. O, nəinki kəsilən məvacibin yerini doldurur, bununla kifayətlənmək istəmirdi. Üstəlik, ona qarşı niyə bu addımın atıldığı burulğanında çabalayır, çıxış yolunu belə görürdü. Qənaət rejiminə keçən özəl şirkətin rəhbərliyi aylıq, yaxud rüblük hesabat aparanda baxıb görür ki, əlavə xərclər çoxalıb: avtobusa ehtiyat hissə almaq lazımdır, təmir işləri görülməli, divar kağızı yenilənməlidir. Belə də edir. Ancaq bu, ziyan davamlı xarakter alanda otaq və dəhlizlərə, hətta avtobusa da kamera qoyur, bunun qəsdən edilib-edilmədiyini öyrənməyə çalışır. Lakin məvacibi kəsilən əməkdaş elə təhlükəlidir ki, ən kiçik fürsətdə öz ziyankarlığından qalmır. Ayaqyolunda da krantları açıb tullayır, su qovşaqlarını sındırır. Onun qarşısını almaq çətindir.
15 il əvvəl Sulutəpədə bir imkanlı adam ofisində çalışan fəhlənin haqqını kəsmişdi. Fəhlə çox pis olmuşdu. Dəfələrlə yalvarıb-yaxarsa da, imkanlı şəxs onun pulunu verməmiş, hətta fiziki təzyiq göstərmişdi. Ofisdə sonuncu işlər başa çatarkən heç kimin görmədiyinə əmin olandan sonra parketin altına sınıq yumurta atmışdı. Ofis fəaliyyətə başlayıb. Ancaq əməkdaşlar hiss ediblər ki, buradan pis qoxu gəlir. Hətta ofisə gələn qonaqlar da pis qoxudan şikayətlənib. İmkanlı adam ofisdə fasilə elan edib. Bu fasilə aylarla çəkib. O yeni fəhlələr gətirərək ofisin hər yerini sökdürüb. Ancaq qoxunun hardan gəldiyini bilməyib. Sonda hər şeyi başa düşüb ki, bu ancaq o fəhlənin işi ola bilər. Ona xəbər yollayıb ki, yanına gəlsin. Fəhlə getməyib, boynuna da heç nə almayıb. Nəhayət, imkanlı adam özü yanına gedərək əvvəlcə hədə-qorxu gəlib, xeyri olmayanda yalvarıb-yaxarıb ki, qoxunun nədən, haradan yayıldığını desin, heç nə etməyəcək. Fəhlə kəsilən haqqını istəyib. İmkanlı adam haqqını ödəyib. O da sınıq yumurtanı harda qoyduğunu deyib. Nəticə nə oldu: ofisə külli miqdarda ziyan dəydi. Divarlar və parketlər söküldü.
Ümumiyyətlə, əməkdaşı işə götürərkən onun təkcə nə bildiyini öyrənmək lazım deyil. Eyni zamanda psixoloji durumunun təhlili də vacibdir. Yeni işçilərlə psixoloqlar söhbət etməlidir. Müəyyən səbəblərə görə işçinin məvacibinin kəsilməsi müxtəlif reaksiyalar doğura bilər. Kimisi ədəb-ərkanına uyğun olaraq heç bir cavab tədbiri görməz və alternativ iş yeri axtarar, digəri günahı özündə axtarıb işində dönüş yaradar, bəziləri isə heyif çıxar. Sonuncuların hərəkəti melanxolik xarakterə malik olmalarında deyil. Və burada psixoloqların məsləhətləri də kar etmir. Ola bilsin ki, əməkdaşın ən çətin vaxtlarında məvacibi kəsilib: xəstəsi var, bank öz borcunu tələb edir, yaxud evi müsadirə olunur. Ona görə hər bi işçiyə fərdi qaydada münasibət göstərilməli, söhbət edilməlidir. Bəzən kiçik söhbət, xoş danışıq böyük ziyanların qarşısını alır.