“Siqaret çəkməkdən tutmuş, söyüş söyməyə qədər...”

siqaret-cekmekden-tutmus-soyus-soymeye-qeder
Oxunma sayı: 2300


Ramazan ayında oruc tutmağın müsəlmənlara fərz edilməsi və bununla bağlı həm Qurani Kərimdə ayələrin keçməsi, həm hədislərin olması, həm də müsəlman alimlərinin çoxlu fikirlərinin sıralanması hamıya aydındır. Bir sözlə orucun dini baxımdan fəzilətləri misilsizdir və bununla bağlı danışmaqla günü-günə calamaq olar. Əlbəttə ki, bu məsələdən tanınmış din adamları, seçilən möminlər danışsa daha yaxşı olar. Biz isə sadəcə orucun başqa tərəflərinə aydınlıq gətirməyə çalışaq.

ORUC TƏMİZLİKDİR, NƏZARƏTDİR

Oruc tutan adam ilk növbədə qüsul alır və bədəni ilə yanaşı daxilini də pisliklərdən uzaq edir. Yəni əvvəlki günlərlə nisbətdə özünü daha təmiz və pak hiss etməklə həm qəlbini, həm vücudunu, həm də bütövlükdə şəxsiyyətini saf hiss edir. Eyni zamanda oruc tutduğundan ətrafdakıların ona diqqət yetirdiyinin fərqində olur və davranışlarını yaxşılığa doğru tənzimləyir. Bir sözlə daxili və xarici ilə rabitələnən senzura onun pisliklərdən qorumasını təmin etməklə yanaşı özünə nəzarəti xeyli artırır. 

RUH VƏ CİSM

Oruc tutarkən insanın istər-istəməz cismi zəifləyir və ruhu güclənir. Yəni başqa vaxtlarda cismin mahiyyəti insanın həyatında, onun davranışında, əməllərində və başqa mənalarda önə keçirdisə, oruc zamanı ruh daha qabbarıq formada özünü biruzə verir və sanki bir aylıq hakimiyyəti ələ alır. Bir ay müddətində insanın daxilində əsaslılıq təşkil edən ruh özü ilə bərabər insanı da saflaşdırmaqla yanaşı ona bir şeyi bir daha xatırladır ki, cism müvəqqəti, ruh isə daimidir. Deməli insan başqa aylarda da ruhuna daha çox diqqət etməlidir, nəinki cisminə.

AĞIL VƏ NƏFS, YAXUT XEYİRLƏ ŞƏR

İnsanın daxilinə, beyninə, ürəyinə, şüuruna bir sözlə diqtə edilə biləcək varlığına hər zaman iki daxili qüvvə hakim kəsilir. Əlbəttə ki, ağıl və nəfs. Ağıl insanı pisliklərdən, xəyanətlərdən, xətalardan, zərbələrdən və başqa mənfiliklərdən qorumaqla yanaşı şəxsin kamilləşməsinə, yüksəlməsinə, örnək olmasına və digər gözəlliklərinə səbəb olur. Nəfs isə əksinə ağılın etdiklərinin demək olar hamısının əleyhinə gedir və bir çox hallarda insanın cahilləşməsinə, alçalmasına, qınaq obyektinə çevrilməsinə və digər pisliklərə sürükləyir. Məhz buna görədir ki, bəzi filosoflar ağlın Allahdan, nəfsin isə şeytandan qaynaqlandığını bildirirlər. Deməli oruc tutan insanın ağılı nəfsinə birmənalı sürətdə qalib gəlir, bununla şeytanı məğlub edərək xeyrin şər üzərində qələbəsini kiçik dünyasında təmin edir. 

İRADƏ VƏ İSTƏK

Bəzən bir çox vərdişləri olan insanlar iradəsinin zəif olduğundan gileylənirlər. Həqiqətən də siqaret çəkməkdən tutmuş, söyüş söyməyə qədər elə vərdişlər var ki, il boyu ondan qurtula bilmirlər. Yalnız 11 ayın sultanı olan Ramazan bu bütün pis vərdişləri kölgədə qoya və bununla da iradəni istəyin üzərində mütləq hakimə çevirə bilir. 

ORUC TUTAN İNSAN DÜNYANI DAHA YAXŞI DƏRK EDƏ BİLİR

Oruclu insan günün çox hissəsində nə yeyir, nə də içir. Daha doğrusu günəş doğmamışdan əvvəldən başlayaraq, batandan sonraya qədər dünyadakı yeyilməsi və içilməsi mümkün olan bütün nemətlərdən imtina etməli olur. Bununla da bir qurtum dəyərsiz sudan tutmuş, bir tum dənəsinə qədər bütün nemətlərin qədrini bilməyə başlayır. Yəni insan yaradanın verdiyi nemətlərin dəyərini anlamaqla yanaşı özünün adi günlərdə bu nemətlərə necə biganə və ya laqeyid olduğunu dərk edir. 

ORUC SAĞLAMLIQDIR

Oruc tutmağın insan orqanizminə nə qədər xeyirli olduğu barədə dəfələrlə yazılıb və bunu dönə-dönə isbatlayıblar. Yəni oruc tutmağın beyindən başlayaraq, mədə-bağırsaqdan keçməklə böyrəyə və ümumilikdə bütün orqanlara nə qədər xeyirli olduğu hamıya bəllidir. Tək bir məsələni demək yetərlidir ki, alimlərini hesablamalarına görə hər il vaxtlı vaxtında orucunu tutan insan heç vaxt daxili xərçəng xəstəliyinə tutulmur. Allahtala Qurani Kərimdə orucun insanlara nə qədər faydalı olduğunu açıq şəkildə bəyan edir. 

NƏTİCƏ

Biz bu yazıda Ramazan ayına nə dini dərinliyi ilə yanaşdıq nə də onun savabından danışdıq. Sadəcə oruc tutmağın insanın maddi, mənəvi, fiziki, əqli, mədəni, məntiqi və bir çox baxımdan faydalarından bəhs etdik. Sonda bir məsələni demək yerinə düşər ki, oruc tutmaq insanın özünə xeyirlidir, özünə lazımdır. Yəni Allahın kimsənin ac və ya susuz qalmasına yaxud şükür edib, etməməsinə ehtiyacı yoxdur. 

A. Vəliyeva