“Siqaret və qəlyan çəkənlər, içənlər komandadan çıxarılsın” - Millət vəkili

“Siqaret və qəlyan çəkənlər, içənlər komandadan çıxarılsın”
Oxunma sayı: 1568

““Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanovun milli futbol komandamıza baş məşqçi təyin olunması həqiqətən yerində verilmiş ən realist qərardır. Təbii ki, istənilən baş məşqçinin həmişə "edam kötüyü" gözünün önündə olur, özünün səhvindən və ya federasiyanın maneələrindən və yaxud futbolçuların məqsədyönlü xəyanətindən hər zaman bu "edam kötüyü"nə gətirilə bilər. Ancaq milli komanda "Qarabağ" kimi həm də bir Azərbaycan davasıdır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib. Millət vəkilinin sözlərinə görə, bu davada Vətənə səmimi olmaq, Allah rizası üçün öz imkan və qabiliyyətini ortaya qoymaq kifayətdir: “Kimsə sənə qəhrəman deyəcək, kimsə bir-iki məğlubiyyətə görə söyəcək, "İstefa!" çığıracaq, bunlar gözlənilən davranışlardır, bir o qədər də fərqinə varmaq lazım deyil. 

Milli komandamızın əksər rəqiblərlə müqayisədə potensialı da aşağıdır, milli çempionatımız çox zəifdir, alt yapı deyilən futbol sistemimiz də ürəkaçan durumda deyil. Əslində ərazisi işğal altında olan, qonşular tərəfindən hər an gözümçıxdıya salınan Azərbaycan dövləti də dünya ailəsi içində eyni parametrlərlə boy göstərir. Bununla belə, necə ki, dövlət olaraq dünyada ağır, məşəqqətli şəkildə öz mövqeyimizi gücləndirməyə, kiçik səviyyələrdə də olsa söz sahibi olmağa can atırıqsa, futbolda da bundan fərqli bir durum olmayacaq önümüzdə. Addım-addım irəliləmək zorundayıq. Ən əsası da "Qarabağ" kimi, məğlub olanda belə xarakter nümayiş etdirən, oyun sistemi pozulmayan bir milli komanda qurulacağına şəxsən mənim şübhəm yoxdur. 

Ona görə də Qurban Qurbanovun "Qarabağ"dakı sistemini milli komandaya köçürə biləcəyinə qətiyyən şübhəm yoxdur. Fikrimcə ilk iş milli komandanın alt yaş qruplarından başlamalı, alt yaş qruplarındakı bütün milliləşdirilmiş legionerlər öz ölkələrinə göndərilməlidirlər. İmkan verilməlidir ki, orada-burada itib batmış və ya itirilib batırılmış Azərbaycan övladları öz ölkəsini təmsil etməyə başlasınlar. 

Yüksək keyfiyyətli legioner varsa, o zaman bir söz söyləmərəm, ancaq bizim xalqa yabançı olan, sıradan bir futbolçu kimi qəbul olunan şəxslərin xitmətindən imtina edilməlidir. Özümüzünkülər, uduza-uduza təcrübə toplayıb bir gün mütləq çarxı geriyə çevirib uğur qazana biləcəklər. 

Digər bir məsələ isə, ədəbli və mədəniyyətli futbolçu hazırlamaqla bağlıdır. Baxın, son iki oyunda "Qarabağ"ın hər dəfə bir futbolçusuna şübhəli qırmızı kart göstərdilər. Futbolçular mübahisə etmədən, əsəb şousu göstərmədən mədəni şəkildə meydanı tərk etdilər. Bu ilk növbədə məşqçinin uğuru idi ki, təvazökarlıqdan, mədəni səviyyədən uzaq olan futbolçuya qətiyyən yaşıl işıq yandırmır. Baxırsan ki, bir gənc bir-iki qol vuran kimi, bir-iki dəfə milliyə çağrılan kimi, özünü Kuarejma kimi aparmağa başlayır. Komandanın sistemi ilk növbədə bir-iki xuliqana görə pozulur. Eyniylə cəmiyyətdə olduğu kimi. 

Üçüncüsü isə siqaret çəkən, qəlyan çəkən, davamlı alkaqol düşkünü olan məsuliyyətsiz futbolçuların komandadan uzaqlaşdırılması vacibdir. 

Fikrimcə bu üç problemin çözülməsi daha stabil komanda formalaşdırmağa imkan yaradacaq. 

Hər halda AFFA-nın bu addımını mövcud şəraitdə uğurlu sayıram və həm Milli "Qarabağ"ı, həm də Milli komandanı Azərbaycan vətəndaşı olaraq səbrlə dəstəkləməyə davam edəcəyəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi