Şirkət agentlərə vergidən yayınmağa necə kömək edir?

sirket-agentlere-vergiden-yayinmaga-nece-komek-edir
Oxunma sayı: 2945

Azərbaycanda bəzi sığorta şirkətləri “subagent” şəbəkəsinin genişlənməsində maraqlıdır və bu qeyri-qanuni şəbəkənin genişlənməsi üçün himayədarlıq edirlər.  

Bunu “Qafqazinfo”ya müraciətində sığorta üzrə mütəxəsis Məmməd Məmmədov deyib. O bildirib ki, bundan daha çox istifadə edən “AXA MBASK” şirkətidir. Mütəxəsis qeyd edib ki, 21 may 2014-cü il tarixində bir tərəfdən “AXA MBASK” SŞ idarə heyəti sədrinin birinci müavini Selçuk Adıgüzel, digər tərəfdən sığorta agentləri – Muxtarov Mahir, Ağayev Qulu, Ələmov Nizami və Rzayev İbrahim  arasında bağlanmış “Sığorta agenti fəaliyyətinin təşkili ilə bağlı əlavə şərtlər barədə müqavilə”ni “subagent şəbəkəsinin inkişafı haqqında müqavilə” adlandırmaq daha doğru  olar: “Həmin müqavilənin 3-cü bəndində göstərilir ki, “Sığorta agentləri razılığa gəlirlər ki, Sığortaçı ilə Sığorta agentləri arasında bağlanmış sığorta agenti müqavilələrindən irəli gələn münasibətlərdə Sığortaçı qarşısında Sığorta agentlərini Ələmov Nizami İsax oğlu (bundan sonra “təmsilçi”) təmsil edir. Ona bu müqavilənin və sığorta agenti müqaviləsinin icrası, şərtlərinin dəyişdirilməsi, və s. məsələlərə dair Sığortaçı ilə danışıqlar aparmaq, sazişlər və müqavilələr imzalamaq səlahiyyəti verilir. Sığortaçı belə təmsilçiliyi məqbul hesab edir”.  

Məmməd Məmmədov, sığorta mütəxəsisi

M. Məmmədovun sözlərinə görə, bu şərtə görə müqavilədə adı çəkilən digər sığorta agentləri müqavilədə nəzərdə tutulan bütün hüquqlarını Ələmov Nizami İsax oğluna verir və şirkət də bunu məqbul hesab edir. Bu hüquqlardan istifadə edən Ələmov Nizami isə əvvəlcə Rzayev İbrahimin adına agentlik və bundan sonra da həmin agentliyə bağlı Abbasov Cəmşidin, Ağayev Qulunun, Ələmov Nizaminin,  Əliyev Habilin, Əliyev Vahidin, Həsənov Vidadinin, Hüseynov Malikin, İbadov Aqşinnin, İsmayılov Cəbrayılın, İsmayılov Fəqanın, Məmmədov Rəşadın,  Möhbalıyev Bəybalanın, Namazov Zaminin, Nəcəfova Gülnarın, Şəmilov Turqayın, Xəlilov Cavadın, Yusifov Elşənin  və sairlərinin adlarına   26 subagentlik açıb.

“Şəhadətnamə buraxılması üçün şirkətin səlahiyyətli  şəxsləri tərəfindən bu subagentliklərin hər birinə  kod-parol da verilib, lisenziyalarının olub-olmamasından asılı olmayaraq vergilərdən və hesabatlardan yayınmaqla fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Bir məsələni də nəzərə almaq lazımdır ki, Rzayev İbrahim həmin dövrdə tikinidə fəhlə işləyirdi.  Öz adına və həmin subagentlərin adına sistemə vurulmuş təxminən  milyon manatlıq   sığorta satışından, satışa görə verilən  komissiyalardan, müxtəlif yollarla ödənilən  motivasiya pullarından və sığorta haqqına görə yaranan borcdan da Rzayev İbrahimin xəbəri belə  olmayıb. Rzayev İbrahimin adına  milyon matatdan çox  satış edilməsinə baxmayaraq, sığorta nəzarəti və vergi orqanlarına verilən hesabatlarda onun fəaliyyət göstərmədiyi qeyd edilib”. 

Eldar Qəribov “AXA MBASK”ın Direktorlar Şurasının sədri

M. Məmmədov bildirib ki, şirkətin vəzifəli şəxslərinin himayədarlığı ilə Rzayev İbrahimin adına 26 subagentlik açıldıqdan sonra, həmin subagentlər  tərəfindən də təxmini olaraq qeyri-qanuni yolla 250   satış nöqtəsi yaradılıb. Rzayev İbrahimin  adına buraxılmış  minlərlə ədəd ciddi hesabat blankını da səlahiyyəti olmayan  başqa-başqa  şəxslər onun heç özünün  xəbəri olmadan belə şirkətdən təhvil alıb və istifadə ediblər. 

“Qaranlıq məqamlardan biri də ondan ibarətdir ki, Rzayev İbrahimin adına buraxılmış ciddi hesabat  blanklarının böyük əksəriyyətinin itməsinə, müştəriyə təqdim edilməsinə baxmayaraq sistemə vurulmamasına və ya səhv vurulmasına baxmayaraq şirkət rəhbərliyi lazımı qaydada araşdırma aparmamış və yaranan külli miqdarda sığorta haqqı borcuna görə də ciddi tədbir görməyib.  

Göründüyü kimi, 1 fiziki şəxsə aid olan sığorta agenti fəaliyyəti ilə məşğul olmağa icazə verən lisenziya ilə vergilərdən və hesabatlardan yayınmaqla yüzlərlə satış nöqtəsi açıb fəaliyyət göstərmək mümkündür. Çoxlu sayda  belə nümunələr göstərmək mümkündür. Bu da öz növbəsində qanuni fəaliyyət göstərən,  vergi ödəyən və bütün hüquqi normalara əməl edən sığorta agentlərinin sıxışdırılması və o cümlədən də saysız-hesabsız neqativ halların yarana bilməsi üçün münbit şəraitdən xəbər verir”. 

Maliyyə Bazarlarına Nəzarət Palatasına üz tutan mütəxəsis deyir ki, qurum öz nizamnaməsinin 3.1 bəndinə və müvafiq qanunlara əməl edərək maliyyə bazarlarına nəzarət orqanının və maliyyə monitorinqi orqanının səlahiyyətləri çərçivəsində  sığortalıların, sığortaçıların və sığorta bazarının digər iştirakçılarının, habelə dövlətin hüquq və mənafelərinin qorunması, həmçinin sığorta qanunvericiliyinin tələblərinə əməl edilməsini təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirəcək.