Şirməmməd Hüseynovla vida... - Fotolar

sirmemmed-huseynovla-vida
Oxunma sayı: 8741

Bakı Dövlət Universitetində ötən gün dünyasını dəyişən Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, mərasimdə millət vəkilləri, ictimai xadimlər, media nümayəndələri iştirak edir.

BDU-nun  jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli Ş. Hüseynovla bağlı xatirələrini bölüşüb:  "Şirməmməd Hüseynov müəllimlərin müəllimi, böyük insan idi. O, Azərbaycan mətbuatının ənənələrini bizə öyrətməklə klassik mətbuat məktəbi yaradıb. O, jurnalist və böyük tənqidçi idi. Mən özüm də Şirməmməd Hüseynovun tələbəsiyəm. Allah ona rəhmət eləsin".

***

Vida mərasiminə rəsmi şəxslər, nazirlər, millət vəkilləri də qatılıb. Onlardan Təhsil naziri Ceyhun Bayramov, Səhiyyə naziri Oqtay Şirəliyev, Vergilər naziri Mikayıl Cabbarov, DİM-in sədri Məleykə Abbaszadə, millət vəkili Fəzail Ağamalı mərhumun qohumlarına başsağlığı veriblər. 

***

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və PA-nın şöbə müdiri Əli Həsənov da vida mərasiminə qatılıb.

***

Fərəh Əliyeva bildirib ki, Bakı Dövlət Universiteti Şirməmməd Hüseynovun ilk evi idi:

"Atam çox fərəhli və ləyaqətli bir ömür yaşadı. Onun ən böyük arzusu Azərbaycanı müstəqil görmək idi və bunun baş verəcəyinə hamıdan çox inanırdı.  Bakı Dövlət Universiteti onun ilk evi idi. 60 ilini bu universitetdə keçirib və mən inanıram ki, hələ uzun müddət onun ruhu bu divarlarda olacaq. Bir müddət öncə ona Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təsis edilmiş yubiley medalı təqdim olundu. Danışa bilməsə də mən onun gözlərindəki sevinci gördüm".

Günel Hacı

Fotolar: Pərvin Zeynal