Şıxlinskayanın işçiləri pulu ödəmək üçün vaxt istədi

sixlinskayanin-iscileri-pulu-odemek-ucun-vaxt-istedi
Oxunma sayı: 2021

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə elan olunub ki, klinikaya dəyən ziyan 56 min manatdır.

Hakim təqsirləndirilən şəxslərin dəyən ziyanın ödənilib-ödənilmədiyini soruşub. Onlar isə ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyiblər.

Proses oktyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib. 

L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib. İstintaqın yekununda adıçəkilən şəxslər 700 min manat mənimsəməkdə ittiham olunublar. Lakin məhkəmədə təkrar maliyyə ekspertizası keçirilib və ekspertin rəyindən bəlli olub ki, klinikaya dəyən ziyan 700 min manat yox, 56 min manatdır.

Murad Əhməd