Sıxlıq yaranan məktəblə bağlı açıqlama

sixliq-yaranan-mekteble-bagli-aciqlama
Oxunma sayı: 2821

Bakı Şəhəri üzrə Təhsil İdarəsi sıxlıq yaranan məktəblə bağlı açıqlama yayıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində yeni inşa olunmuş 960 şagird yerlik 28 nömrəli tam orta məktəbin fəaliyyətinin təşkili ilə bağlı müvafiq tədbirlər görülüb.

İlk növbədə, məktəbin şagird kontingentinə uyğun olaraq, siniflərin komplektləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirilib və təhsil müəssisəsinin ehtiyac olan müvafiq kadrlarla təmin olunması təşkil edilib.

Öncə məktəbdə ərazi üzrə yaşayan uşaqların qeydiyyatı aparılıb. Müraciətlərin kifayət qədər çox olması baxımından məktəbdə yeni siniflərin komplektləşdirilməsi prosesi davam edir və tədrisin ikinövbəli təşkil olunması nəzərdə tutulur.

Ərazidə yaşayan bütün məktəbyaşlı uşaqların icbari təhsilinin təmin olunması üçün təhsil müəssisəsində hər cür şərait mövcuddur və tədris prosesinin normal şəkildə təşkili üçün bütün zəruri addımlar atılır.

Qeyd edək ki, sentyabrın 14-də ölkə Prezidenti İlham Əliyev Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib.