“Siyahıya mədəni irsimizlə bağlı 11 nominasiya daxil edilib”

siyahiya-medeni-irsimizle-bagli-11-nominasiya-daxil-edilib
Oxunma sayı: 1606

“Qloballaşan dünyada xalqların öz mədəni-mənəvi varlığını qoruması prioritet məsələdir. Çünki xalqın dili, adət-ənənələri, mədəni irsi onun milli identikliyinin əsas göstəricisidir”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan mədəniyyət nazirinin müavini Rafiq Bayramov nazirlik tərəfindən hazırlanaraq bu günlərdə istifadəyə verilən “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalı (www.intangible.az) barədə danışarkən bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan xalqının zəngin mədəni irsi zaman-zaman müxtəlif qüvvələr tərəfindən mənimsənilməyə məruz qalıb. Bu baxımdan qeyri-maddi və maddi mədəni irs nümunələrimizin qorunması və təbliği dövlətimizin mədəniyyət siyasətində xüsusi yer tutur: 

“Ölkəmiz UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunmasına dair” Konvensiyasına qoşulub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə diqqət və qayğısı nəticəsində təşkilatın müvafiq siyahılarına mədəni irsimizlə bağlı 11 nominasiya daxil edilib və bəşəriyyətin mirası olaraq qorunur”.

Rafiq Bayramov bildirib ki, son illər bu sahədə aparılan işlər daha geniş xarakter alıb. Mədəniyyət Nazirliyi tərəfindən istifadəyə verilən “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalı (www.intangible.az) da mədəni irsimizin sistemli şəkildə qorunması və təbliği işinə töhfədir.