Siyasətə qoşulmaq istəyirəm

siyasete-qosulmaq-isteyirem
Oxunma sayı: 4136

Sahilə İbrahimova

Ötən yazımla bağlı münasibətlər və aldığım suallar indi oxuyacağınız fikirlərimin üzərində daha qətiyyətlə dayanmağıma kömək etdi. Yazının “ardı var…” qeyd olunmuşdu. Bəzi adamlar növbəti dəfəni gözləmədən, təxirə salınmadan cavab almaq istəyirdilər. Yazıda çarə göstərilməyib, konkretlik yoxdu deyirdilər. 

İyirmi birinci əsr və yəqin bundan sonrakı müəlliflərin işi olduqca çətindir. İnformasiya axınında çaş-baş qalmış, sağ və uğurlu olmaq üçün dayanmadan kapitalizm qaydalarına uyğun şəkildə işləyən insanlar müəlliflərdən seçib onlara vermək üçün konkret fikir, çarə tələb edirlər. Janrından asılı olmayaraq, yazısının sonunda çarə, yol göstərməyən əsərlər və müəlliflər bir tamaşamızda deyildiyi kimi, “hə, nə olsun?” tipində suallarla sorğulanırlar. Məsələ isə məhz bundadı. 

Təkcə bü günün deyil, heç bir dövrün filosofu, yazıçısı, şairi, siyasətçisi bütöv bir xalqın, dövlətin, dünyanın gedişatını dəyişmək tələbi qarşısında qalmamalıdır. Dünyanı və ölkəni bir adama, bir qrupa tapşırmaq təhlükəli işdir. Seçdiyimiz o və ya onlar yanlış qərarlarla hamımızı uçuruma apara bilər. Ölkənin və dünyanın taleyindən hər bir fərd, hər bir vətəndaş məsul olmalıdır. Tarix göstərir ki, taleyini həll etməyi müəyyən adamların boynuna yıxıb öz işi ilə məşğul olan xalqlar sabaha qalib çıxa bilmirlər. Tarix göstərir ki, siyasətə qarışmayan xalqlar uduzmuş, aldadılmış insan toplusuna çevrilirlər.

Qərbin sorğulamaq və qərar vermək ehtirasını bəyənməyim vətəndaşlarının siyasətə qarışması ilə bağlıdır. Qərb insanı siyasətə partiyaların adlarını və başçılarını bilməklə qoşulmur. Qərb insanı siyasətə yeniliyə sayğı duymaqla, köhnəliyi tənqid etməklə, qonşusu uşağını döyəndə polisə xəbər verməklə, iş yoldaşının hüququ pozulanda müdirə yaltaqlanmaq dozasını artırmaqdansa, etirazını dilə gətirməklə qoşulur. Qərb ədaləti təbliğ edir. O, vətəndaşını yaşadığı günün içində ədalətli olmağa çağırır. Əlbəttə, bu, asan başa gəlmir, bu yolda qüsursuz ötüşmək mümkün deyil. Lakin mənim üçün buna çalışmaq, bunu ideologiya olaraq qəbul etmək də qəhrəmanlıqdır. 

Mənim qənaətlərimə görə Amerika hazırkı prezidentini Obamanın acığına seçdi. Obama sevgisinə rəğmən xalq onun aşırı israrla Hillarini dəstəkləməyinə qarşı çıxdı. Amerika xalqı ona zorla birini prezident edənlə razılaşmır. Əks reaksiyası yaranır. Məhz bu, dəyərlərin sorğulanması prosesidir. Mənim müdafiə etdiyim budur. İllərin ənənəsi deyilən şeylər qorxuludur. Onları analiz etmək lazımdır ki, diaqnozu qoyulsun – getməlidir, ya qala bilər.

Bu yaxınlarda bizim toplumda boşandığı üçün istənilən təklifə layiq görülən cavan qadınlardan biri – əqli çətinlikləri olan uşaqların reabilitasiyası mərkəzlərinin birində çalışan tərbiyəçi-müəllim müəssisənin müdiri tərəfindən cinsi partnyorluğa dəvət olunmuş, qızın etirazı və yaranmış konflikt nazirliyə də məruzə edilmişdi. Mən bu mövzunun kütləvi müzakirəyə səbəb olacağını zənn etdim. Vaynşteyn hadisəsindən sonra hazırda dünyada cinsi hücuma və aşağılanmaya məruz qalan yüzlərlə qadın (əsasən tanınmışlar) səsini çıxardaraq bir duyuru hərəkatına qoşulub.  Bu hərəkatın sorağı qismən bizə də çatıb deyə düşündüm. Təəssüf ki, olay səs doğurmadı. Və mən bir daha anladım ki, biz əksəriyyətin insanlıqdan və peşəkarlıqdan xəbəri olmayan müdirləri deyil, səsini çıxartdığı, bu cür hadisəni ictimailəşdirdiyi üçün qadını qınayanların cəmiyyətində yaşayırıq. Çünki biz ayıbı tanımırıq. Bizim toplum olaraq ədalət tələbetmə kultumuz yoxdur. 

Qadın şikayətinə video görüntü də əlavə eləmişdi. Mən heç olmasa, insanların bu görüntüyə üsyan edəcəklərinə ümid etdim. Əqli çatışmazlığı olan uşaqlar sinif otaqlarını silib-süpürürdülər. 

Biz xadimə ştatlarının maaşlarını özü alan, əvəzində uşaq evlərinin sahibsiz sakinlərini istismar edən müdirlərlə dolu ölkənin vətəndaşlarıyıq. Çünki heç nəyi sorğulamırıq. Çünki Qərb pozulub deyə-deyə gözlərimizi və ağlımızı yumaraq yaşayırıq. 

Bu yaxınlarda bir qadınla tanış oldum. İnsult keçirmiş altmış yaşlı qadın əqli çatışmazlığı olan uşaqların məskunlaşdığı internatlardan birində işləyir. Çantalarının ağır olduğunu görüb gecə növbəsinə niyə bu qədər şey apardığını soruşdum. Qadın gündüz internatda yeməklərin az verildiyini, gecələr şizofreniya diaqnozlu ac uşaqların oyanıb aqressivləşdiklərini, onları sakitləşdirmək üçün buterbrodlar hazırlayıb apardığını dedi. Bir az araşdırdıqdan sonra həmən internat müdirini “Zərif qəhrəman” verilişində “Tereza ana” obrazında gördüyümü xatırladım. 

Digər tanışım bir başqa internatda xəstə uşaqlara ayrılmış bezlərin mənimsənildiyini, qanunsuz olaraq satıldığını, uşaqların natəmiz şəraitdə yaşadıqlarından danışdı. Bayramlarda gələcəklərini öncədən xəbər verib bu cür yerlərə gedən, xeyirxah olmağa çalışan səlahiyyət sahibi adamlar qoy ölkənin qaranlığını, əsl simasını yoxlayaraq, sorğulayaraq, bir az araşdıraraq görsünlər. Əgər görməyiblərsə. 

Yazıçı, şair, jurnalistin vəzifə öhdəliklərindən biri, yaxşı, ən vacibi görünməyənləri üzə çıxartmaq, sual qoymaq, səs salmaqdır. Lakin onların səsi cəmiyyətin uğultusu içində eşidilməz qalırsa, qarşı tərəfin cınqırı çıxmırsa, heç nə düzəlmir. Mümkünsə, miqyasından asılı olmayaraq, yanlış saydığınız fikirlərə münasibət bildirin, şübhə edin, səsinizi çıxardın, siyasətə qarışın ki, nəyisə düzəldə bilək.