Siyasi dələduzlar

siyasi-deleduzlar
Oxunma sayı: 1510

Nadir Qocabəyli

Müsavat Partiyasının üzvü, "Yeni Müsavat" qəzetinin əməkdaşı Elbəyi Həsənli son günlər gündəmdə olan "mühacirət biznesi"nə aid şəxsən mənim üçün sensasion olan faktlar açıqlayıb. Onun sözlərinə görə, “Arif Hacılının rəhbərliyindəki yeni komanda son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı arayış verib. Müsavat Partiyasını ələ keçirən bu dəstə Azərbaycan vətəndaşlarına pul-rüşvət qarşılığında Müsavat üzvü vəsiqəsi və arayış verirlər. Hazırda Avropanın ayrı-ayrı ölkələrində miqrasiya xidmətləri bu cür saxta “müsavatçıları” aşkarlayıb və ciddi araşdırmalar gedir. Müsavatın konkret funksionerlərinin imzası olan saxta vəsiqə və arayışların bəzilərinin surətləri artıq bizim də əlimizdə var. Məlum olur ki, artıq neçə illərdir Müsavat rəhbərliyi, özəlliklə də Arif Hacılı və Gülüğa Aslanlı, o cümlədən də onların ətraflarında olan bir sıra funksionerlər (adlar çəkilir) mühacirət biznesinə girişiblər.”

Jurnalist daha sonra bu şəxslərin hər bir arayış üçün orta hesabla1000 manat aldıqlarını və 6 ayda satılan arayışlardan bütövlükdə yarım milyon manata yaxın pul qazandıqlarını iddia edir.

“Mexanizm sadədir. Avropaya mühacirət etmək istəyən vətəndaşları ən müxtəlif yollarla tapırlar, onlarla cinayət əlaqəsinə girərək, öncə partiyaya yazdırırlar, müəyyən kritik say düzələndən sonra, piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirirlər, sənədlərini hazırlayıb, bütün bunların əvəzində də pul alıb, Avropoya “müsavatçı” ixrac edirlər. Bu prosesdə onlara Avropada dəstək verənlər də var. Məsələ dəqiqləşdirildiyi və əlimizdə faktlar olduğu üçün adları açıq yazırıq” (Adlar sadalanır).

Amma müsavatçi jurnalist nədənsə keçmiş başqan İsa Qəmbəri bu məsələlərdən kənarda saxlamağa çalışır. Onun sözlərinə görə, guya keçmiş başqanın bu boyda həngamədən xəbəri yoxdur. Halbuki elə onun özünün təsdiq etdiyinə görə, Stokholmda yaşayan, Arif Hacılının və Gülağa Aslanlının mühacirət bizneslərinin ortaqlarından olan Əli Ağayev adlı biri İsveçrəyə topladığı, lakin yaşamaq icazəsi ala bilmədiyi üçün İsa Qəmbərlə Arif Hacılının həmin ölkəyə gəlmələrini təşkil edərək, mühacirlərin problemini onların başqanla şəkil çəkdirməsi sayəsində həll edib.

Bu hadisədən sonra Gülüga Aslanlı daha tədbirli tərpənərək mühacirətə getmək istəyən vətəndaşlara bildirir ki, sadə arayış 800-1000 manat, İsa Qəmbərlə kabinetdə şəkil çəkdirmək istəyənlər üçün isə 1500-2000 manatdır. Sonra da guya bu çirkin əməllərdən xəbərsiz İsa Qəmbərə deyirlərmiş ki, Müsavata bu gün, məsələn, 6 nəfər qəbul etmişik və onlar sizinlə xatirə şəkli çəkdirmək istəyirlər. Cəmi 3-4 gün sonra bu fotolar Avropa ölkələrindən birinin miqrasiya xidmətlərinə təqdim olunurmuş.

Həsənlinin yazdığına görə, bu adamlar hətta aclıq aksiyalarından da vətəndaşları xaricə göndərmək vasitəsi kimi istifadə edir, aclıq etmiş adamlardan bunun qarşılığında pul alırlar.

Əziz oxucular, əziz həmvətənlər, sizə sual edirəm: Axı necə olub ki, adi fırıldaqçıların barmağına doladığı, ifadəmə görə üzr istəyirəm, bambılı yerinə qoyub hər tərəfə fırlada bildikləri bir adam illərlə ölkənin ən iri partiyalarından birinə rəhbərlik edib, Milli Məclisin sədri olub, Prezident səlahiyyətlərini icra edib, Prezidentliyə namizəd olub. Ancaq mənim üçün ən dəhşətlisi 2003-cü il prezident seçkilərində belə bir adamı müdafiə etməyimdir.

Axı necə ola bilər ki, böyük bir siyasi təşkilatın rəhbəri olan, uzun illər xalqın bir hissəsinin inandığı, etimad bəslədiyi bir adam, Elbəyi Həsənlinin iddia etdiyi kimi, bu dərəcədə sadəlövh olsun? Belə şey mümkündürmü? Əlbəttə, mümkün deyil! İsa Qəmbər ətrafındakı adamların – Arif Hacılının, Gülağa Aslanlının və digərlərinin hansı oyunlardan çıxdığını çox gözəl bilib, bilərəkdən onlara şərait yaradıb, bəlkə də, pay da alıb. Sadəcə özünü həmişə elə göstərməyə çalışıb ki, guya belə məsələlərin fövqündədir, elə bir zirvədə qərar tutub ki, başını qaldırıb baxanda papağın düşür.

Mənim İsa Qəmbərlə bir neçə dəfə yaxından təmasım olub. Bu adamı aldatmaq və fırlatmaq çox çətin və bəlkə də, qeyri-mümkündür. O, Elbəyi Həsənlinin dolayısı ilə dediyi kimi, lox deyil və hər şeydən də xəbəri var. Yoxsa uzun illər ağıllı, təmkinli, güclü, hiyləgər siyasətçi imicini qoruyub saxlaya bilməzdi. Mən onun axmaq olmadığını başqa misallarla da sübut edə bilərəm, sadəcə uzunçuluq etmək istəmirəm. Ancaq hər şeyin bir sonu var. Bu dünyada hər kəs gec-tez əməllərinə görə cavab verməli olur. Bəzən həddən artıq ağıllı olmaq da bəlaya çevrilir. Qriboyedovun “Ağıldan bəla” əsərini çoxlarımız oxumuşuq.

Mən İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn və digərləriylə birlikdə bir vaxtlar Birləşmiş Müxalifət Hərəkatı deyilən qurumda təmsil olunmuş, bu adamların nə mal olduqlarını anlamışam. Ancaq onlara ən düzgün qiyməti, zənnimcə, o zaman Vahid Azərbaycan Partiyasının sədri olan Hacıbaba Əzimov vermişdi. O həmişə deyirdi: “Bunlar dələduzdurlar, dələduz!”

Ən pisi isə odur ki, hələ də bu adamların Azərbaycanın inkişafı, gələcəyi, xoşbəxtliyi uğrunda mübarizə apardığını düşünənlər var...