Siyasi futbol - Türkləri Moskvada nə gözləyir?

siyasi-futbol
Oxunma sayı: 1847

Elsevər Məmmədov

Nyonda keçirilən püşkatmada “Fənərbaxça”nın “Lokomotiv”lə cütləşməsi böyük səs-küyə səbəb olmuşdu. Türkiyə və Rusiya arasındakı məlum münasibətlərdən sonra bu matç artıq futbol çərçivəsini keçmişdi. Nə qədər futbolun siyasətdən uzaq olduğunu düşünsək də, qarşılaşma yaxınlaşdıqca bu deyim özünü təkzib etməyə başlayırdı. Elə sosial şəbəkələrdə, türk mediasında yazılanlar gərginliyi pik həddə çatdırmışdı.

Oyundan bir gün öncə Türkiyə təmsilçisi rəsmi saytı vasitəsilə azarkeşlərə xəbərdarlıq edərək, klubu çətin duruma salmamaları xahiş etmişdi. Amma hər kəs də bilirdi ki, fanatların qarşısını bununla almaq mümkün deyil.

Matç başlayan kimi türklərin İstiqlal marşını oxuması və “Şəhidlər ölməz, vətən bölünməz” şüarlarını futbolçular da qarşılaşmada davam etdirdi. 90 dəqiqəni üstün keçirən “sarı lacivərtlilər” 2:0 hesablı qələbə qazandı. Lakin hər kəs bilir ki, matç daha böyük hesablı qələbə ilə bitə bilərdi. Hətta rus kanalının şərhçilərinin “matç tez bitsin”, “1:0-a şükür edəcəyik” kimi ifadələri türklərin inamlı oyununun qorxusu idi.
Ən maraqlı hadisələr isə hakimin final fitindən sonra baş verdi. Rus futbolçu Dmitri Tarasovun üzərinə Putinin şəkli həkk olunmuş və “ən nəcib prezident” yazılmış köynəyi diqqət çəkməyə bilməzdi. Bəlkə də qarşılaşmadan öncə hər iki tərəf matçın siyasi tərəflərini ört-basdır etməyə çalışırdı. Amma Tarasov geydiyi “T-Shirt”la bu məsələdə nöqtəni qoyaraq hər şeyi etiraf etdi. Meydanda uduzan ruslar hirsini kənarda soyutmağa çalışırdı. Moskvalıların çalışdırıcısı İqor Çerevçenkonun “Fənərbaxça”nın baş məşqçisi Vitor Perreyraya “salam” verməməsi də diqqətdən yayınmadı.

Oyundan sonra danışan türklərin portuqal çalışdırıcısı rusiyalı həmkarına həm etiraz, həm sitəm etdi: “Futbol siyasətdən uzaqdır. Çerevçenko mənə salam vermədi. Buna çox üzüldüm. İdmanı siyasətə alət etmək olmaz”. Görünən dağa bələdçi lazım deyil. “Fənərbaxça” klub saytından matçdan 1 gün öncə verdiyi açıqlamada oyunu siyasətdən uzaq tutmağı xahiş etsə də, ruslar əksini göstərdilər.

Bu qələbəyə türkiyəli mütəxəssislər də maraqlı reaksiya verdi. “NTV Spor”da matçı analiz edən Rıdvan Dilmənin ““Fənərbaxça” apaçi kimi hücumlar edirdi” deməsi sevincin bir qələbədən daha üstün olduğuna işarə idi.

İstanbul klubunu Rusiyada nə gözləyir?

Təbii ki, Moskovadakı görüş də türklər üçün asan olmayacaq. Rusların İstanbulda verdiyi siyasi mesajların ardı Lokomotiv Mərkəzi Stadionunda digər adı ilə “Stalinets”də gələcək. İlk oyunda göründü ki, Vitor Perreyranın komandası rəqibindən çox güclüdür. Amma Rusiya paytaxtında türklərə kənar təzyiqlər həddən çox olacaq. İstanbulda oyundan sonra Perreyrayla görüşməyən Çerevçenkonu, Putinin şəklini göstərən Tarasovu azarkeşlər də nümunə götürəcək.

Fevralın 25-də oynanılacaq qarşılaşma yəqin ki, UEFA-nın da xüsusi nəzarətində olacaq. “Şükrü Saraçoğlu”da rəqibini meydana “basdıran” “bülbüllərin” Rusiya səmasında cəh-cəh vurub-vurmayacağını isə zaman göstərəcək.