Siyasi məhbus ailələri aclıq aksiyasına başlayır

siyasi-mehbus-aileleri-acliq-aksiyasina-baslayir
Oxunma sayı: 663

Bunu “Media forum” saytına Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan üzvü Elnur Məcidlinin atası, Məhbus Ailələri Komitəsinin üzvü Arzuman Məcidli deyib.

O bildirib ki, aclıq aksiyası oktyabrın 14-dən Müsavat Partiyasının qərargahında başlayacaq: “İlk olaraq mən başlayacam aclığa. Çünki təklifi mən irəli sürmüşəm. Sonra başqa ailələr də aksiyaya qoşulacaq”.

Arzuman Məcidli deyib ki, aksiyada məqsəd Azərbaycan cəmiyyətinin və beynəlxalq ictimaiyyətin diqqətini günahsız həbs olunan şəxslərə, siyasi məhbuslara cəlb etməkdir: “İctimai Palatanın 2 aprel mitinqində müxalifətçilər heç bir qanun pozuntusuna yol verməyiblər, dövlət əmlakına və şəxsi mülkiyyətə zərər vurmayıblar. Onlar hakimiyyətin istefasını istədikləri, “Azadlıq” şüarı səsləndirdikləri üçün həbs olunublar. Bilirik ki, hakimiyyət onları azad etməyəcək. Hakimiyyət bu həbslərlə mitinqdə iştirak edənlərdən qisas alır. Bizim aksiyamız heç nəyi dəyişməyəcək. Amma məhbuslara mənəvi dəstək olacaq”.

Məhbus Ailələri Komitəsinin planları haqda danışan Arzuman Məcidli qeyd edib ki, Azərbaycandakı səfirliklərin və beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşmək üçün danışıqlar aparılır: “ABŞ-ın, Almaniyanın, Böyük Britaniyanın səfirliklərinə müraciət etmişik. Tam dəqiqləşməsə də, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ilə görüşümüz gözlənir”.

Arzuman Məcidlinin sözlərinə görə, məhbus ailələri piketlər, digər etiraz aksiyaları da keçirməyi planlaşdırır və hazırda 18 üzvü olan komitənin genişləndirilməsi nəzərdə tutulub: “Komitəyə 2 aprel mitinqində tutulanlarla yanaşı, Ruslan Bəşirlinin, Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin, Vidadi İsgəndərlinin ailələri də daxildir. Bundan başqa, son zamanlar xeyli dindar həbs olunub. Gələn həftə onların ailələri ilə görüşməyi və onları komitəyə dəvət etməyi planlaşdırırıq”.

Aprelin 2-də müxalifətin Bakıda keçirdiyi aksiyaya görə biri şərti həbs cəzası almaqla 14 aksiyaçı azadlıqdan məhrumetməyə məhkum olunub. Ruslan Bəşirli 2005-ci ildən həbsdədir, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev 2011-ci ilin mayında, Vidadi İsgəndərli aprel ayında həbs olunaraq azadlıqdan məhrumetməyə məhkum edilib. Bu il 20-dən çox dindar həbs cəzası alıb.