“Siz Azərbaycan vətəndaşısınız”

siz-azerbaycan-vetendasisiniz
Oxunma sayı: 652

Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. O qeyd edib ki, Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və onların Azərbaycanın daxilində bütün hüquqları qorunacaq.

Novruzov hesab edir ki, Dağlıq Qarabağın erməni icması ilə azərbaycanlı icması arasında görüşlərin keçirilməsi vacib şərtlərdəndir. "Onlarla birbaşa görüşlər keçirilməli və onlara başa salınmalıdır ki, siz Azərbaycan vətəndaşısınız və Azərbaycan vətəndaşlarına məxsus bütün hüquqlardan istifadə edə bilərsiniz. Dağlıq Qarabağ erməniləri bu cür görüşlərin keçirilməsinə razıdırlar. Sadəcə olaraq Ermənistanın siyasi rəhbərliyi buna imkan vermək istəmir. Bir müddət əvvəl Cənubi Qafqaz təşəbbüs qrupu yaradılmışdı və biz mütəmadi olaraq erməni deputatlarla görüşlər keçirirdik. Bu görüşlər müsbət nəticələr verməyə başlamışdı da. Bunu görən Ermənistan rəhbərliyi bu görüşlərin nəticələrindən narahat olaraq bu işi pozdu və belə görüşlərin keçirilməsinə imkan vermədi. Beləliklə, Cənubi Qafqaz təşəbbüsü pozuldu. Bu baxımdan mən belə prosesin şahidi olan adam kimi deyə bilərəm ki, Ermənistan ziyalıları bu cür görüşlərin baş tutmasının və münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. O insanlarla görüşəndə, danışanda, onlara düşdüyü vəziyyəti başa salanda, gələcəkdə onları nəyin gözlədiyini izah edəndə onlar reallığın nədən ibarət olduğunu anlayırlar və müvafiq addımların atılmasına tərəfdar
olurlar", - YAP rəsmisi deyib.