Sizə bu “uzman”lığı kim verir?

size-bu-uzmanligi-kim-verir
Oxunma sayı: 2644

Raminə Eyvazqızı

Aprel şəhidlərinə ürək sızladanların sayı azaldı, sosial şəbəkələrdə onların yayılan şəkillərinə ağlayan "smaylik" qoyanlar belə seyrəkləşdi. Amma canlar getdi, anaların ciyəri hələ də parça-parçadı, o birilərinin valideyninin bağrı yarıqdı, gözündə yaş ifrazatı zəifləyib. O gün Sumqayıtda şəhidlərin foto plakatlarının gecəylə götürənlərinsə, ölmək qorxusu sıfırdır. Ay bərəkallah. 

Düşmənlə son döyüşdə gülləyə qalib gələn hərbçilərimiz də oldu. Onların sayı nə qədərdir? Ölümdən dönüblərsə, yəqin hesaba alınmayblar. Amma həyatdadırlar. Yaralı olanların yarasına neçə nəfər hələ də "Allah şəfanı versin" deyir? Onu, yenə də Allah bilir.

Dünən aprel döyüşçüsü, güllə yarasından baş nahiyəsinin bir hissəsi dağılmış Yaşar Ağayev haqqında xəbər çoxumuzu sevindirdi. Yaşarın üzündəki sevinc böyük sərvətə bərabər idi. Aprel savaşından sonra həyatda qalan insanın yerli cərrahların əlindən keçdikdən sonra normal görkəminə qayıtması qeyri-mümkünə çevrilmişdi. Amma çox vaxt tənqidə  məruz qalan sosial şəbəkə bu dəfə də bir insanın xoşbəxtliyinə səbəb oldu. Yaşarın şəkilləri yayıldı, onun qəribə görünən baş hissəsi təəccüblə yanaşı, yardım hisslərini də qabartdı. Yaşara Türkiyədə başının itirilmiş hissəsinə süni kəllə qoyuldu. Əməliyyat Türkiyənin uzmanları tərəfindən aparıldı. Bizim bir qrup həkim isə hələ də bir-birinə mütəxəsis kəlməsinin qarşılığı olan "uzman" adı qoymaqla məşğuldurlar. "Uzman" xoşbəxtlər! Sizə bu "uzman"lığı kim verir, cənablar və xanımlar? 2-3 ay Türkiyənin xəstəxana koridorlarında gəzməklə, mütəxəsis olunurmu? İllərini, saçını, canını bu işə verən tibb işçilərimizin haqqını oğurlayanda, puldan başqa ayrı nə düşünürsünüz? 

Yaşar Ağayevin əməliyyatı və onun uğuru haqqında məlumatı  yenə elə qardaş  ölkənin mediasından alırıq. Bu Türkiyə tibbinin uğurudur! Onlara sadə gəlsə belə, bizi təəccüb içində qoydular. 

Bəlkə, yerli telekanallara yoluxucu xəstəlik kimi yayılan türkiyəli həkimlərin reklamını dayandıraq? Ona görə yox ki, səhiyyəmizin nüfuzuna öz əlimizlə zərbə vururuq, ona görə ki, o həkimlərin"uzman" olmasını belə dəqiq bilmirik. Qardaş və hər hansı əcnəbi həkimi o vaxt ölkə əhalisinə tanıdarlar ki, o adam bax, Yaşarın başını özünə qaytaran biri olmuş olsun. O həkim təəccübləndirsin, həqiqi mənada təcrübəsini bölüşsün. Azərbaycanda olan türkiyəli həkimlərin çoxu, bizim başqasına kitab yazdırıb öz adına çıxaran "mütəxəsis"imizdən aşağı bilik yiyəsidir. Bizə süni, naşı beyinlər yox, başı qoparıb yerinə tikən həkimlər lazımdır. İsrailli həkimin qız uşağını əməliyyat etdiyi kimi. Tibbin inkişafı, ağıllı, dolu kəllələr budur! Yoxsa, süni kəllələr məktəblərin anatomiya otağında da var. Di çağırın, uzmanlar gəlsin!