Sizə söz verirəm...

size-soz-verirem
Oxunma sayı: 5129

Nərmin Dadaşova

Mənim sol gözümdə “ptoz” deyilən potologiya var. Göz qapağı normal yerindən daha aşağıda durur, yəni qapağı qaldıran əzələlər düzgün inkişaf etməyib. Mən bu fərqi anlayanda beş yaşım olardı. Bağçada heç yola gedə bilmədiyim özümlə yaşıd bir oğlan uşağı vardı. Bir dəfə möhkəm dalaşdıq və mən adətim üzrə onu dişlədim. Qolunu güclə dişlərimin arasından ayırıb möhkəmcə qışqırmışdı: “Sən çəpgözsən! Sənin gözünün biri balacadı! Sən eybəcərsən!”

Məyus olmuşdum təbii ki, çünki indi olduğu kimi onda da özüm haqqında yüksək fikirdə idim. Evə gələn kimi diqqətlə güzgüyə baxdım. Sonra da anamın evin hər künc - bucağından asdığı şəkillərimə. Düz deyirmiş, mənim gözlərim bir-birindən fərqli idi. Biri digərinə nisbətən balaca idi. O gündən bu həqiqət mənim günümü göy əsgiyə bükdü. O gündən bağçada çəkdirdiyim bütün şəkillərdə sağ gözümü də özüm qıyırdım. Və çox da ağıllı qz olmuşdum, heç kimlə dalaşmırdım. Qəfil deyiləcək sözlərdən gözüm qorxmuşdu. Gecələr yerimə uzanandan yuxulayana qədər Allah babaya dua edirdim, səhər durub hər şeyin qaydasında olduğunu görmək üçün. Ad günlərimdə tortun üstündəki şamları söndürəndə ürəyimdə tutduğum arzudan, ta çobanyastığı çiçəyinin ləçəklərini yolanda tutduğum arzuya qədər eyni idi. Olmadı ki, olmadı.

O vaxtlar nənəm tez-tez bizə pirdən, ocaqdan gətirdiyi konfetlərdən verərdi. Və tənbehləyərdi ki, mütləq yemək lazımdı, savabdı deyə. Bir gün nənəm, anam, nəslimizin digər qadın əhli yığışıb Gəncə şəhərindəki İmamzadə pirinə yollandıq. Mən də içimdə uşaqca bir umud, uşaqca bir inamla arzularımı götürüb arxa oturacaqların birində oturdum. Pirdə qadın-uşaq əlindən tərpənmək olmurdu. İynə atsan yerə düşməzdi. Kimi divara qənd atır (yapışsa arzun qəbul olurmuş) kimi ağaca parça bağlayır, kimi balaca kibrit qablarına yerə tökülmüş buğdaları yığırdı. İnsanlar qənddən, buğdadan, sudan, konfetdən mədət umurdular.

Qaydalara görə götürdüyün bir ovuc buğdanı arzun yerinə yetəndən sonra bir neçə kiloqram buğdaya qatıb yenidən gətirib bura, yerə tökməliydin. Nənəm daş-kəsəyin üstündəki su ilə alnımızı boynumuzu ovur, konfetləri bir-bir, iki –iki ağzımıza dürtürdü. Allahdan bizə şəfa diləyirdi. Və bunları edərkən, ağlamsınırdı, doluxsunurdu. Baş qarışıqlığından istifadə edib, nənəmin alnımıza çəkdiyi sudan gözümə çəkdiyimi xatırlayıram. Bir də kibrit qutusuna balaca ovcumda gizlətdiyim buğda dənələrini yığmağımı.

Geri qayıdanda çox xoşbəxt , möcüzə gözləyən altı yaşlı uşaq idim. Və təbii ki, bu kibrit qutusu bir işə yaramadı. On il, düz on il onu saxladım, dənə-dənə saydım.Və bu müddətdə mən hər dəfə dalaşdığım sinif yoldaşlarımdan o dəhşətli cümlələri eşitdim. On altı yaşıma çatana qədər hamının əsəblərini o qədər pozmuşdum ki, valideynlərim əməliyyat olmağıma razılıq verdi. Amma əməliyyat otağına girəndə anamın arxamca, Nərmin, bəlkə lazım deyil? Nərmin, bilinmire, Vallah, bilinmir. Sənin bütün fikrin ordadi deyə ... deməsi, yadımdan çıxmır. Cümləni bitirməyə də qoymamışdım. Qaça-qaça gedib əməliyyat masasına uzanmışdım. Mənə pirlər, ocaqlar, buğdalar, qoluma bağladığım qara lentlər yox həkimlər kömək etmişdi, əziz oxucu, həkimlər.

Bu gün sosial şəbəkədə zəncirli pirdən çəkilmiş video yazı izlədim. Göydən zəncir sallanır. Qadınlar şallarını zəncirin “kruçok”una keçirdir və zəncir naməlum şəkildə tərpənir. İşdir, tərpənməsə bir də, bir də , bir də... Arzuları yerinə yetənə qədər, yəni sonsuza qədər, bir də... Telli Pənahqızı demişkən ,
“Sizə qurban olum kənd adamları,
o toya getməyin, getməyin nolar”

Xəstəsinizsə həkimə gedin, işiniz yoxdu məşğulluq idarəsinə gedin, ailənizdə problem varsa ailə psixoloquna gedin, oğlunuz qız bəyənmirsə gələn il evləndirin, qızınızın bəxti açılmayıbsa – cəhənnəm, toya nişana özünüzlə aparın, amma həyatınızı, qərarlarınızı arzuarınızı əşyaların ümidünə qoymayın. Mən sizə uşaqlığımda bir ovuc buğdanın mənə illərlə vurduğu travmanı ona görə yazdım ki, siz etməyin. Övladınızı da yanınıza salıb pirləri, ocaqları gəzdirməyin. Siz ciddiyə almaya bilərsiz, amma bu onlarda hansısa inancı zədələyəcək, inamı qıracaq. Sizə and verirəm, nəyinsə yaxşı olmağını istəyirsinizsə, sadəcə bunu sidq ürəkdən istəyin. Sizə söz verirəm!