Sizi bu ağ şey öldürəcək!

sizi-bu-ag-sey-oldurecek
Oxunma sayı: 659

Mənim gülüşümü boğduğum bu suala müəllim iki-üç səhifəlik tarix danışdı, nənələrimiz demiş, açdı sandığı, tökdü pambığı... Müəllim hər şeydən danışdı: mənəviyyatdan, münasibətlərdən, tarixi qaynaqlardan, milli mənsubiyyətdən... kəsəsi hər şeydən...

Gözləyirdim ki, nə vaxt bu sualın (“Rus qızları gözəldir, yoxsa Azərbaycan?”) cavabı səslənəcək. Gördüm ki, yox a kişi, müəllim söhbəti uzatdıqca uzadır, ucundan tutub ucuzluğa gedir. Yavaş get, yıxılarsan! Bir hövsələ elə görək! Ayağa durdum, dedim, müəllim çox çək-çevir elədiniz, müqayisələrinizə görə təşəkkür edirik, görən, biz zəngə qədər eşidə biləcəyik sualın bir-başa cavabını. Müəllim bu cür gəlişi gözləmədiyindən elə bil karıxdı, bir xeyli fikrə getdi. Bu anlarda auditoriyanı uşaqların səsi doldurdu. Elə ki, müəllim əlini yuxarı qaldırıb qaşlarını çatanda anladıq ki, susmağın vaxtıdır. Biz oğlanlar ürəyimizdən keçən cavabı gözləyirdik. Bilirdik, saçı-başı ağarmış bu kişi də bizim kimi düşünür. Nəhayət, müəllim dilləndi:

- Uşaqlar, bilirsiz, rus qızları başqa məsələ, amma sizə dəqiq deyim bizim qızlar gözəldir.

Gözünə döndüyüm, bunu de da. Bir də gördüm bizim qızlar üstlərindən ağır daş götürülmüş kimi stula yayxanıb dərin bir “ah” çəkdilər. Gözlədikləri elə buydu. Müəllim də, sağ olsun, onları intizarda saxlamadı. Biz oğlanlar da mısmırığımızı sallasaq da etiraz-filan eləmədik. Sizə zarafat gəlməsin: bu boyda qızın qabağında üç-dörd fağır oğlan neyləsin. Ağzımı açmaq istəyəndə qızların üzərimdəki adamın bağrını yaran gözlərini görmüş kimi oldum. Bu hissdən üşəndim, öz-özümə də dedim, əşşi, qoy gözəl deyir desin də, mənə nə. Bunu təkə-tək müəllimə başa salmaq yerinə düşər. Düşündüm, bizim qızlara bu 45 dəqiqəlik xoşbəxtlik bəs edər. İnsafsız adam deyiləm ki?! Qoy istədikləri kimi köks ötürsün, deyib-gülsünlər.

Bunlar burda sevinməkdə olsun, gəlin sizə bir lətifə danışım. Demək, hansısa bir kənddə yaşayan biri Moskvaya gedir. İşləyir, pul yığır, mədəniyyət-zad görür təzədən qayıdır kəndə. Kənd camaatı görür, ayə bunun yanında bir ağappaq rus qızı. Oğuldu e, bu, gedib nə qız gətirib?! Hamının gözü kəlləsinə çıxır. Bunu burda it yerinə sayan, üzünə baxan yoxdu. Bu rus qızını nə vaxt bişirdi? Nə isə, söz onda deyil. Demək, adam rus qızıyla bərabər yaşamağa başlayır. Rus qızı görür evləndiyi kişi hər gün şor, şor, şor... Bir gün ürəyində çapalayan sualı ortaya çıxartmağı qərara alır. Kişiyə deyir, bu nədi, hər gün şor, şor... O da qayıdıb deyə ki, xoşuma gəlir. Rus qızı bir ona baxır, bir evə, elə bil kiminsə eşidəcəyindən qorxurmuş kimi deyir, sizi bu ağ şey öldürəcək elə...

Lətifə başımda dolanıb durduğu vaxt qapı açıldı. Baxdım, dörd incə belli qız girdi. Gözümüzün qabağında rus qızları durmuşdu. Necə deyərlər, otur hüsnü-camalına tamaşa elə, hayıl-mayıl ol, sonra de ki, bizim qızlar gözəldi. Həm o lətifədə deyildiyi kimi ağ şey üçün ürəyimiz gedir, işləməyi, oxumağı bəhanə eləyib rus qızlarının arxasınca düşürük, həm də deyirik, bizim qızlar gözəldi. Yaxşıdı ha!

Bu qızların gəlməsi sanki qızlarımızın bayaqkı xoşbəxtliyinə kölgə saldı. Həqiqət özü durub təşrif buyurmuşdu. Bundan artıq nə olsun?!

Rus qızlarına baxanda düşündüm, görəsən, onlar bizim saxta olduğumuzu anlayırlarmı?...