Sizin görməmişliyiniz...

sizin-gormemisliyiniz
Oxunma sayı: 2380

Nərmin Dadaşova

31 yaşlı qadın özündən 14 yaş kiçik oğlanla ailə həyatı qurdu. Bir həftə ondan danışıb, dünyanın ən mənasız zarafatlarını elədiniz, iki insanın hissinə, həyatına, qərarına edə biləcəyiniz ən böyük hörmətsizliyi etdiniz. Gənc xanım evrovisiona getdi, peşman elədiniz, şəkillərini paylaşıb altında bütün aqressiyanızı boşaltdınız.

İçinizdəki natamamlıq kompleksini bütün çılpaqlığı ilə göstərdiniz. Qızlar özlərini “ağıllı” göstərməkçün bir ağızdan bu gözəlliyi lənətlədilər. Oğlanlar isə içlərindəki görməmişliyi, yoxluğu, qadınsızlığı püskürdülər. Qızı elə həddə çatdırdılar ki, sosial şəbəkədə növbəti şəklini paylaşıb “Sizin nə düşündüyünüz mənim vecimə deyil” dedi. Düz də elədi.

Dünəndən yenə xoşbəxtlik qəhqəhələri çəkirsininiz sosial şəbəkələrdə. Əylənirsiz, sevinirsiz. Çünki yenə gülüş obyektinə çevirməyə adamınız var. Monoton keçən həyatınızı 21 yaşlı gənc qızın 3 dəqiqəlik videosu ilə doldurmusunuz. Nə var ki, qız könüllüdür, nə var ki, qız hisslərini, sözlərini bir az pafosla, emosiya ilə çatdırır. Sizin könüllü olmaq istəmədiyiniz kimi onun könüllü olmaq istəməsi çox normal haldır əslində. Başqa vaxt humanistliyinizdən adamın gözləri yaşarır, gənclər. İndi nə olub sizə? Niyə bu qədər narahatsız? Tamam, haqlısız, xanımın jestlərini mən də bəyənmədim. Amma sadəcə bəyənmədim.

Bunu yazmaq, buna gülmək, məsğərəyə qoymaq, buna görə gənc qızı təhqir etmək lazımdırmı? Özünüzü o qızın rəfiqəsinin yerinə qoyun, sevgilisinin yerinə qoyun, bacısının yerinə qoyun. Utanc vericidir, deyilmi? Daha utanc verici olan isə bu məsələdən şou düzəltmək istəyən mətbuatdır. Belə ki, saytlardan biri bu videonu “Sədr mənə arxadan yaxınlaşdı” adı ilə paylaşıb. Təsəvvür edirsiz? Dördüncü hakimiyyət deyib gözümüzün üstünə qoyduğumuz KİV bircə cümlə ilə gənc qızın həyatını necə utanc verici bir yerə aparıb. Halbuki, sədr kütlə fobiyası olan xanıma yaxınlaşıb, qorxmamasını, geri yox, irəli getməsini söyləyibmiş. Bu qədər dostcasına deyilmiş bir sözü, belə tərbiyəsizcəsinə yozmaq, jurnalistika, mətbuat bir yana, insanlığa sığırmı?

Sizin eqolarınız, sizin görməmişliyiniz, sizin dayazlığınız, sizin lazımsız ictimai qınağınız üzündən həyatı alt-üst olmuş onlarla gənc tanıyıram. Elə biri bu qız. Reaksiyalara tab gətirə bilməyib, görünür. Facebook profilini dondurub. Səhhəti pisləşdiri üçün xəstəxanaya yerləşdirilib.

Sizə bir təklifim var, telefonunuzu götürün, ön kamerasını açın və “öz yolunuz” haqqında çox səmimi bir çıxış edib sosial şəbəkədə paylaşın.

Əgər cəsarətiniz çatsa!