SOCAR 1100 işçisini qovur

socar-1100-iscisini-qovur
Oxunma sayı: 5346


Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

Hüquq müdafiəçisi dedi ki, yanvardan başlayaraq ARDNŞ-in üç idarəsində kütləvi ixtisarlar olacaq, orada çalışan 1100 neftçi işdən çıxarılacaq:  “Belə ki, “Neft Daşları”, “Abşeron” və “Sahil” qazma işləri idarələri ləğv olunur. ARDNŞ-dən verilən məlumata görə, bu qurumların idarə statusu əlindən alınacaq. Yəni idarələr sahəyə çevriləcək. Bizim təşkilata o üç idarədə çalışan neftçilərdən müraciət daxil olub. O üç idarədə 1100 neftçi çalışır. Onlara rəhbərlik səviyyəsində deyilib ki, yanvarda işdən çıxırsınız, özünüzə iş axtarın. Bunu bizə müraciət edən neftçilər də dedilər. Belə demək mümkünsə, bu 1100 nəfərə artıq, necə deyərlər, qara kağız, bildiriş verilib”.

M.Qəhrəmanlı qeyd etdi ki, rəhbərlik etdiyi quruma “Abşeron” Qazma İşləri İdarəsinin işçiləri tərəfindən şikayət daxil olub: “Hazırda şikayətlərlə bağlı araşdırma aparılır. Kompleks Qazma İşləri Trestinin rəhbəri İsgəndər Şirəlinin qohumları arasında  ləğv olunacaq idarələrdə çalışanlar var. Maraqlıdır, onlar da işdən çıxarılacaqmı?”

Xatırladaq ki, İsgəndər Şirəlinin bacısı oğlu Fariz Ağalı “Sahil” Qazma İdarəsinin istehsalat üzrə rəis müavinidir. Bu qurum “Bulla-dəniz” platformasında yanğın baş vermiş 90 saylı quyuya nəzarət edib. 1979-cu il təvəllüdlü Fariz Ağalı ödənişli təhsil alıb, əvvəllər qazmada işləməyib. İsgəndər Şirəlinin bacısının yoldaşı da rəhbərlik etdiyi idarədə çalışır.

Səslənən bu iddia ilə bağlı ARDNŞ-in rəsmi mövqeyini öyrəönmək istədik. Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin sualımızı tam dinləmədən verdiyi cavab qısa və çox qəribə oldu: “Mən Mirvari Qəhrəmanlı adlı insanın dediklərinə şərh vermirəm”.

Xatırladaq ki, M.Qəhrəmanlı 20 ilə yaxındır neftçilərin hüquqlarının müdafiəsi ilə məşğuldur. Dəfələrlə olub ki, onun dedikləri ARDNŞ tərəfindən təkzib olunub, amma az sonra növbəti dəlillərlə təsdiqini tapıb.