SOCAR-ın benzin siyasətindəki sirr -

socar-in-benzin-siyasetindeki-sirr-
Oxunma sayı: 1412


Dekabrın 2-də Tarif Şurasının 14 sayı qərarı ilə neft məhsullarının tarifləri qaldırıldı. Bu qərara əsasən, dizel yanacağının və Aİ-95 benzinin qiyməti 33 faiz, Aİ-80-nin 30 faiz, Aİ-92-nin isə qiyməti 27 faiz bahalaşdı. O zaman Tarif Şurasının qərarından bəlli oldu ki, əslində qiymətlər şirkət daxili deyil, aksiz dərəcələri üzrə artıb. Belə ki, Aİ-95 üzrə aksiz dərəcəsi 101 faizdən 159 faizə, Aİ-92 üzrə 92 faizdən 134 faizə, Aİ-80 üzrə 93-dan 134 faizə, dizel yanacağı üzrə 57 faizdən 77.6 faizə qaldırılıb. 

O zaman bu məsələdə diqqət çəkən məqamlardan biri aksiz üzrə vergi dərəcələrinin artırılması ilə bağlı Nazirlər Kabinetinin hər hansı bir qərarının olmaması idi. Çünki Tarif Şurası ancaq bundan sonra həmin sənədə əsasən, yanacağın qiymətini artıra bilərdi. 

Lakin üzərindən 2 ay keçəndən sonra NK-nın 333 saylı qərarı üzə çıxdı. Həmin sənəddə göstərilir ki, Nazirlər Kabineti 2013-cü il 2 dekabr tarixində neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə qərar çıxarıb. Elə həmin gündə Tarif Şurasının dərhal benzinin qiymətini artırmaq qərarına gəlməsi isə bir qədər qeyri-peşəkar hazırlanmış ssenari idi. Bu o deməkdir ki, keçirilən iclaslar protokal xarakteri daşıyır, bütün ssenarilər öncədən yazılır. 

Yanacağa tətbiq olunan aksiz dərəcələrinin artırılmasının üzərindən 2 ay keçməmiş, Nazirlər Kabineti 35 saylı qərarı ilə vergi dərəcələrini 2-3 dəfə azaldılması haqqında qərar verdi. Qərara əsasən, aksiz vergi dərəcəsi Aİ-95 avtomobil benzini üzrə 2,5 dəfə (64 faizə), Aİ-92 və Aİ-80 avtomobil benzinləri üzrə 2 dəfə (65-66 faizə), dizel yanacağı - 3,2 dəfə (18 faizə) endirildi. Lakin aksiz dərəcəsinə görə bahalaşan benzinin qiyməti dəyişməz olaraq qalır.

 

Tərtib edilən cədvəldən göründüyü kimi, yanacağın aksiz üzrə vergi dərəcələri, hətta 2007-ci ildəki səviyyəsindən də aşağı salınıb. Benzin və dizeli şirkət daxili dəyərində heç bir dəyişiklik yoxdur. Ekspertlər düşünür ki, Nazirlər Kabinetinin 35 saylı 

Qərarından sonra Tarif Şurası dekabrın 2-də çıxardığı qərara yenidən baxmalıdır. İndiki vəziyyətdə, həmin sənəd qüvvədən düşmüş və yanacağın dəyərinin qeyri-qanuni formalaşdığı hesab olunur. Ölkə mətbuatında NK-nın sözügedən qərarından sonra benzin və dizelin qiymətinin iki dəfə ucuzlaşacağı ilə əlaqədar yorumlar oldu. Amma aksiz dərəcələri topdansatış qiymətlərini ucuzlaşdırsa da, ola bilsin ki, pərakəndə satış qiymətlərinə təsir göstərməsin. Burada əsas məsələ başqadır. İqtisadçı-ekspert Samir Əliyev «Bizim Yol»a bildirdi ki, Nazirlər Kabinetinin son qərarı ilə aksiz vergilərinin aşağı salınması Tarif Şurasının qiymət artımı ilə bağlı Qərarını qüvvədən düşmüş hesab edir: «Çünki Tarif Şurasının qərarı Nazirlər Kabinetinin qərarı əsasında verilərək, qiymətlər artırılmışdı. Şuranın 14 saylı Qərarı təkcə pərakəndə satış qiymətini yox, eyni zamanda topdan satış qiymətini, həmçinin şirkətdaxili qiyməti tənzimləyir. Qərarda göstərilir ki, neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi, eləcə də təchizat tarifləri daxildir. Nazirlər Kabineti 333 saylı qərarını dəyişdiyi üçün Tarif Şuras neft məhsullarının tariflərinin tənzimlənməsi ilə bağlı 14 saylı Qərarına təcili yenidən baxmalıdır. Deməli, aksizin aşağı salınması avtomatik olaraq topdansatış qiymətlərinin aşağı salınması deməkdir. Pərakəndə satış qiymətini isə ya ilkin səviyyədə saxlamalı, ya da azaltmalıdır».

Ekspertin hesablamasında görə, Aİ-95 benzininin topdan satış qiyməti hər ton üçün 948 manat təşkil edirdi. Amma  aksiz dərəcəsi 2,5 dəfə aşağı salındıqdan sonra onun topdansatış qiyməti 610 manat qədər düşüb. Bu rəqəmi təsdiq etmək üçün Tarif Şurasının qərarı gərəkir.

Buradi bir sual ortaya çıxır: Axı nə baş verdi ki, iki ay içində hökumət neft məhsullarının üzərində aksiz dərəcələrini əvvəlcə 30 faizdən çox artırıb, sonra 2-3 dəfə aşağı saldı? Bir neçə gün öncə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdulayev Aİ-95 markalı benzinin istehsalının dayandırılması ilə bağlı hökumətə müraciət etdiyini bəyan etdi. Bununla Aİ-95 otkanlı yanacaq ölkəmizə yalnız idxal olunacaq. İdxal olunan məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənmədiyinə görə, həmn markalı benzinin də qiyməti sərbəstləşəcək və ARDNŞ istədiyi qiyməti tətbiq etmək hüququ qazanacaq. 

Bütün bunlar onu deməyə əsas verir ki, yanacaq ətrafında verilən qərarlardan ən çox SOCAR yararlanacaq.

Ekspert S.Əliyev deyir ki, aksiz vergisinin yenidən aşağı salınmasının əsas səbəblərindən biri Aİ-95 benzinin qiymətinin bahalaşmasının qarşısını almaqdır: «Aİ-95 idxal ediləcəyinə görə, qiymət artımı da qaçılmaz olacaq. Dövlət Neft Şirkəti də tarifi sabit saxlamaq üçün hökumətə aksiz vergisinin azaldılması ilə bağlı müraciət edib. Dövlət Neft Şirkətinin daha çox gəlir əldə etməsi üçün də Nazirlər Kabineti tərəfindən belə bir qərar çıxarıb».

Deməli, Tarif Şurasının qarşısında neft məhsullarının qiyməti ilə bağlı iki məsələyə baxılması durur:

1. Aİ-95 markalı benzinin istehsalı dayandırılacağına görə tarifləri tənzimlənən məhsullar siyahısından çıxarmalıdır;

2. Digər markalı yanacaqların topdansatış və pərakəndə satış qiymətlərinə yenidən baxmalıdır.

Bu məsələnin İqtisadi və Sənaye Nazirliyi yanında Tarif Şurasında baxılıb-baxılmamadığını müəyyənləşdirmək üçün quruma zəng etdik. Lakin gün ərzində nazirliyin mətbuat xidmətinin əməkdaşlarından heç birini yerinə tapa bilmədik. Bu səbəddən suallarımızı qurumun email adresinə ünvanladıq. Yaxın günlərdə qurumdan sorğumuza alacağımız cavabı təqdim etməyə çalışacağıq. 

bizimyol.info


“Qafqazinfo”