SOCAR İsveçrədə də işləyəcək

socar-isvecrede-de-isleyecek
Oxunma sayı: 645

Bu gün Sürixdə ARDNŞ ilə “Exxon Mobil Central Europe Holding GmbH” şirkəti arasında “Exxon Mobil”in İsveçrə filialı olan “Esso Schweiz GmbH” şirkəti səhmlərinin alqı-satqısı üzrə müqavilə imzalanıb.

Qafqazinfonun Dövlət Neft Şirkətinin internet saytına istinadən verdiyi məlumata görə, ARDNŞ bu yaxınlarda İsveçrədə təsis etdiyi emal və satış üzrə törəmə müəssisəsi olan “SOCAR Energy Switzerland” şirkəti vasitəsilə “Esso Switzerland”ın yüksək səviyyəli xidmətlər göstərilməsini əhatə edən kommersiya fəaliyyətini davam etdirmək niyyətindədir. Şirkət, sahibinin dəyişməsindən sonrakı 12 ay ərzində əvvəlki ESSO brendi altında fəaliyyət göstərəcək. Aviasiya, habelə yük avtomobil nəqliyyatı və neft məhsullarının saxlanması üçün rezervuarlarla əlaqədar biznes şəbəkəsinin debrendinqi isə sövdələşmədən sonrakı 30 gün ərzində həyata keçiriləcək. Keçid dövründə bütün mövcud müqavilə öhdəlikləri və istehsalat prosesləri olduğu kimi qalacaq. Keçid müddəti başa çatdıqdan sonra (2012-ci ilin 3-cü rübündə) şirkət yeni brendlə - SOCAR brendi ilə istehlakçıların xidmətinə başlayacaq. SOCAR brendi yüksək keyfiyyət, mükəmməl xidmət və ətraf mühitin mühafizəsi ve menecment üzrə yüksək standartlarla seçiləcək.

İmzalanma mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, keyfiyyətli yanacaq növləri və yanacaqdoldurma məntəqələrindəki digər xidmət şəbəkəsi vasitəsilə ARDNŞ isveçrəli istehlakçılara pərakəndə satış üzrə yüksək səviyyəli xidmət göstərəcək. Bundan başqa, ARDNŞ kommunal-məişət yönümlü yanacağın və balon qazının distribüterləri, habelə aviasiya sahəsində fəaliyyət göstərən sənaye müştəriləri üçün etibarlı tərəfdaş olacaq.

İmzalanan sazişə əsasən, “Esso Switzerland”ın alınması ilə həmin şirkətə məxsus 170-dən artıq yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi, şirkətin sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu (bu qurum bütün İsveçrə ərazisində kommunal-məişət təyinatlı yanacaq həcmlərinin və balon qazının müstəqil distribüterlərə satışını həyata keçirir), Vangen-Oltendəki Qazdoldurma zavodu, eyni zamanda İsveçrənin Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri, eləcə də terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkətinin səhmləri Azərbaycan Dövlət Neft Şirkətinin sərəncamına keçmişdir. Beləliklə, ARDNŞ Avropadakı kommersiya fəaliyyətinin genişləndirilməsi üzrə yeni bir uğurlu addım atıb. Şirkət bu istiqamətdə strateji fəaliyyətini gələcəkdə də davam etdirmək niyyətindədir.