SOCAR-la bağlı “Talışlı” qalmaqalı

socar-la-bagli-talisli-qalmaqali
Oxunma sayı: 974

SOCAR-ın rəsmi açıqlamasında bildirilir ki, "bu haqda hər həftə elan olunan tenderlərdə dünyanın bütün iri terydinq şirkətləri iştirak edir". Həmin tenderlər beynəlxalq audit şirkətləri tərəfindən ciddi yoxlanılır. SOCAR bütün dünyada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün pioneri kimi tanınan Azərbaycan Respublikasında bu təşəbbüsü dəstəkləmiş ilk Şirkət olaraq Mühasibat Uçotunun Beynəlxalq Standartlarına keçid prosesini uğurla başa çatdırmışdır. Şirkətin konsolidasiya olunmuş bütün hesabatları beynəlxalq audit şirkətlərinin müsbət rəyini almışdır. Eyni zamanda, SOCAR 3 nüfuzlu beynəlxalq reytinq şirkəti tərəfindən müsbət reytinqlərə layiq görülmüşdür və həmin reytinqlər ilbəil artan istiqamətdə yenilənir.

Buna görə də Dövlət Neft Şirkəti neft satışı üzrə beynəlxalq tenderlərdə qalib gəlmiş tərəf-müqabillərinin işgüzar xüsusiyyətlərini araşdırır, onlar haqqında nüfuzlu beynəlxalq bankların, bazar iştirakçılarının rəylərini öyrənməyə üstünlük verir. Eyni zamanda, həmin şirkətlərin maliyyə vəziyyəti haqqında beynəlxalq audit şirkətləri tərəfindən hazırlanmış maliyyə hesabatları da tələb olunur. Bütün bu məlumat və sənədlər ətraflı təhlil olunduqdan sonra SOCAR qarşı tərəflərlə əməkdaşlıq və ya qarşılıqlı fəaliyyət haqqında müqavilələr imzalayır və birgə çalışır.

Sinqapurun “Sumato Energy PTE Limited” şirkəti ilə SOCAR-nin əməkdaşlığı 2010-cu ilin sonlarında başa çatmışdır. Qeyd etmək lazımdır ki, SOCAR ilə əməkdaşlıq etdiyi müddətdə həmin şirkət şəffaf və peşəkar fəaliyyət göstərmiş, neft satışı üzrə öhdəliklərinə vaxtlı-vaxtında əməl etmişdir.

O da qeyd olunmalıdır ki, neft biznesində treydinq kampaniyalarla çalışmaq beynəlxalq bazarın zəruri şərtidir və bu təcrübədən analoji fəaliyyət göstərən bütün şirkətlər istifadə edir. Treydinq kampaniyaları dünya neft bazarının tənzimlənməsində mühüm rol oynayır. SOCAR əməkdaşlıq etdiyi bütün treydinq şirkətlərlə yanaşı, dünya neft bazarını da ciddi şəkildə izləyir.

SOCAR bəyan edir ki, həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr çərçivəsində qazanılan nailiyyətlərdən, Şirkətin beynəlxalq nüfuzunun yüksəlməsindən narahat olan bir sıra daxili və xarici bədxah qüvvələrin hansısa naməlum blogger tərəfindən guya Azərbaycanın dövlət strukturlarının elektron məlumat bazasından ələ keçirildiyi iddia olunan bir neçə sənədin yayılması ilə bağlı həqiqətə uyğun olmayan, əsassız açıqlamalarla çıxış etmələri Şirkətimizin işgüzar nüfuzuna və uğurlu neft biznesinə heç bir şəkildə təsir göstərə bilməz.

Qeyd edək ki, son günlər yerli mətbuatda bir sıra sənədlər yayılamağa başlayıb və burada göstərilir ki, “Sumato Energy PTE Limited” şirkəti müxtəlif zamanlarda SOCAR-la neft ticarəti əlaqələrində olub. Ancaq həmin sənədlərin elektron nüsxələri virtual aləmdə cari ilin yanvarın ortalarında Araxna haker təşkilatı tərəfindən yayılmağa başlayıb ki, onlar da özlərini Anonymous kimi qələmə verirlər. Rusiya KİV-lərində o zaman yer alan informasiyaya görə, erməni hakerlərinin diqqətinin “Sumato Energy PTE Limited”in cəlb etməsi isə bu şirkətin rəhbərinin Mətin Talışlı olması faktıdır. Belə ki, erməni hakerlərin iddia etdiyi kimi onlar Azərbaycanın bir sıra dövlət orqanlarının və şirkətlərinin saytlarına hücum edərək onların təhlükəsizlik kodlarını sındıra biliblər və çoxlu miqdarda sənədləri ələ keçiriblər. Bu əməliyyatı ermənilər Moskvada Aslan Usoyanın (Ded Xasan) azərbaycanlı Rövşən Lənkəranski adamları tərəfindən öldürülməsinə qarşı keçirdiklərini bəyan ediblər. Nəticədə Talışlı soyadlı bir şəxsin rəhbərlik etdiyi şirkətdən özlərinə məxsus intiqam almaq qərarına gəliblər. /caspianbarrel.org/