SOCAR təkzib etdi

socar-tekzib-etdi
Oxunma sayı: 647

Bu barədə ANS PRESS-ə ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.

"ARDNŞ-nin həyata keçirdiyi strateji layihələrin uğur qazanması, şirkətin beynəlxalq miqyasda getdikcə artan reytinqi son günlər yenə də onun işgüzar nüfuzuna xələl gətirmək məqsədilə çoxdan davam etdirilən sistemli qarayaxma kampaniyasını qızışdırıb. Azərbaycanda hasil olunan təbii qazın Türkiyə və Avropaya nəql edilməsini nəzərdə tutan “TransAnadolu” qaz boru xətti (TANAP) layihəsi Belçikada Avropa İttifaqı rəsmilərinin və Avropa Parlamenti nümayəndələrinin iştirakı ilə müvəffəqiyyətlə təqdim olunduqdan, Azərbaycan Milli Məclisində ratifikasiyadan keçirildikdən dərhal sonra ayrı-ayrı şəxslər və "ictimai təşkilatlar" tərəfindən şirkətin ünvanına əsassız və uydurma iddialar irəli sürülür", - deyə ARDNŞ-nin yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, bəzi mətbuat orqanlarında ictimai rəyi çaşdırmaq üçün indi də belə bir məlumat yayılır ki, guya ARDNŞ özünü reklam etdirmək məqsədilə Hollandiyanın "Vitess" futbol klubu ilə 10 milyon avro məbləğində sponsorluq müqaviləsi imzalayıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bildirir ki, həqiqətə qətiyyən uyğun gəlməyən bu informasiyanın heç bir əsası yoxdur, şirkət "Vitess" klubu ilə hər hansı şəkildə əməkdaşlıq etməyib, etmir və belə bir əməkdaşlıq planlaşdırılmır.

ARDNŞ qətiyyətlə bəyan edir ki, öz fəaliyyətində aşkarlıq və şəffaflıq prinsiplərini təmin edir və şirkət tərəfindən onun gündəlik həyatı, istehsalat fəaliyyəti və gələcək planları haqqında mətbuatda mütəmadi olaraq düzgün informasiyalar yerləşdirilir.