“Son 4 ildə texniki itkilər 2 dəfə azalıb” - Tanrıverdi Mustafayev

son-4-ilde-texniki-itkiler-2-defe-azalib
Oxunma sayı: 1459

 “2015-ci ildə “Azərişıq” ASC yaradılanda elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edirdi. 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə qədər endirilib".

“Qafqazinfo” xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, bu gün də “Azərişıq” texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin edilməsi üçün işləri davam etdirir:

"Bunun üçün yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə də sayğaclar yenilənir. 2015-ci ildən bəri təxminən 1 milyon 200 minə yaxın abunəçi yeni sayğacla təchiz edilib. İlin sonuna qədər texniki itkilərinin xüsusi çəkisinin daha 0,1-0,2 faiz bəndi, növbəti ildə isə 0,5,%- 0,7% azalmasına nail olacağıq".

"Azərişıq" sözçüsünün fikrincə, təmsil etdiyi qurum Azərbaycanın kəndlərində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı layihələndirmə işləri də aparır:

"Son 4 ildə 400 kənddə, cari ilin 8 ayında isə 65 kənddə (0,4 kVt-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq ümumilikdə 350 min istehlakçının elektrik enerjisi təchizatının 24 saat dayanıqlığı və keyfiyyəti tam təmin olunub".