Son uçuşları cənnət olan pilotlarımız... - Fotolar

son-ucuslari-cennet-olan-pilotlarimiz
Oxunma sayı: 11393

Bu gün iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb. Mərhum sabah II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

"Qafqazinfo" xəbər verir ki, Rəşad Atakişiyevin vəfatıyla son 10 ildə Azərbaycanın şəhid pilotlarının sayı 10-a yüksəlib.

29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - polkovnik-leytenant Fəxrəddin Əsgərov və kapitan Əfqan Aslanov həlak olub. Ə.Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun meyitini tapmaq mümkün olmayıb. 

Onu da qeyd edək ki, Fəxrəddin Əsgərov Türkiyədə Hava Harp Okulunu qırmızı diplomla bitirib. O, öz dövrü üçün Azərbaycanda ən çox uçuş saatına malik olub. 

2010-cu il martın 3-də Tovuz rayonu ərazisində Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi qəzaya uğrayıb. Bu zaman təyyarənin pilotu Famil Məmmədli vəfat edir.

Famil Elman oğlu Məmmədli 15 oktyabr 1974-cü il tarixində Ağsu rayonunun Abasxanlı kəndində anadan olub. 1992-ci ildə Famil Məmmədli sənədlərini Bakı Ali Ümumqoşun Komandirləri məktəbinə verib. Elə həmin ildə İstanbul şəhərindəki "Hərbi Hava Okulu"nda təhsil almağa göndərilib.

O, 1996-cı ildə məktəbi yüksək qiymətlərlə bitirib və Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlayıb.

Qısa müddətdə polkovnik-leytenant rütbəsinə qədər yüksələn Famil Məmmədli qərargah rəisi vəzifəsində çalışıb. 

3 mart 2010-ci il tarixində hərbi döyüş təlimi zamanı Famil Məmmədlinin idarə etdiyi təyyarədə nasazlıq baş verib. Təyyarənin Tovuz rayonunun Aşağı Ayıblı kəndinin üzərinə düşmə təhlükəsinin olduğunu görən pilot onu bir qədər kənara yönəltməyi bacarır. Yüzlərlə insanın taleyini düşünən Famil Məmmədli öz həyatı bahasına bir kəndi xilas edib. O, Azərbaycan bayrağını səmaya çəkən 9 şahindən biri olub.

2013-cü il fevralın 11-də Bakının Şıx ərazisində Müdafiə Nazirliyinin Mİ-17 helikopteri qəzaya uğrayaraq dənizə düşüb. Nəticədə ekipajın üç üzvü - Kapitan Yaşar Əhmədov, Baş leytenant Rüstəm Rüstəmov və Leytenant Bəhruz Zeynalov həlak olub. Məlumata görə, helikopter Qala hərbi aerodromumdan qalxaraq Kürdəmirə uçurmuş.

Helikopterin pilotu Əhmədov Yaşar Mail oğlu 1970-ci il noyabrın 11-də Qazax rayon Aslanbəyli kəndində anadan olub. 1996-cı ilin dekabr ayında Milli Aviasiya Akademiyasını müvəffiqiyyətlə bitirib və akademiyanın ilk məzunlarından olub. 1998-ci ildə Hərbi Hava Qüvvələrində Pilot çatışmazlığı olduğuna görə könüllü olaraq hərbi təyyarəçi kimi xidmətə başlayıb. HHQ-nin 1-ci dərəcəli təlimatçı pilotu olmuş Yaşar Əhmədov xidmət etdiyi illər ərzində bir sıra medallarla təltif olunub.

Fotoda Baş leytenant Rüstəm Rüstəmov

25 may 1989-cu ildə Bakıda anadan olan leytenant Bəhruz Zeynalov həmin ilin aprelin 21-də toyu olacaqdı. Hətta Bəhruz nişanlısıyla hadisədən bir gün öncə gəlinlik də sifariş ediblərmiş.

2016-cı ilin aprelində ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatına havadan dəstək verən hərbi helikopter heyətinin üç üzvü – baş leytenant Əbu Bəkir İsmayılov, mayor Təbriz Musazadə və mayor Urfan Vəlizadə qəhrəmancasına həlak olublar. 

Əbu Bəkir İsmayılov 1990-cı ilin 10 fevralında Kürdəmirdə anadan olub. O, 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2008-ci ildə həmin liseyi bitirib. Daha sonra o, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub. Şəhid İsmayılov 2015-ci ilə ailə həyatı qurmuşdu.

Şəhid Pilot Mayor Vəlizadə Urfan 1978-ci ilin 1 noyabr günündə Bakıda anadan olub. Orta Məktəbi bitirdikdən sonra Türkiyənin Hava Harp Okulunda təhsil alıb. Urfan Vəlizadə burada beş il təhsil alıb və 2001-ci ildə Azərbaycanda xidmətə başlayıb. 

Təbriz Tariyel oğlu Musazadə 12 avqust 1981 Gürcüstanın Dmanisi rayonunda dünyaya gəlib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Hər üç şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.

Emin Səfərov