“Sonsuz dəhliz” filmi AZTV-də nümayiş olunacaq

“Sonsuz dəhliz” filmi AZTV-də nümayiş olunacaq
Oxunma sayı: 1031

Fevralın 26-da Azərbaycan Dövlət Televiziyasında (AZTV) saat 20:00-da efirə gedəcək “Xəbərlər” proqramından sonra Litva kinematoqrafçılarının istehsalı olan "Endless Corridor" ("Sonsuz dəhliz") adlı sənədli filmin Azərbaycan dilinə tərcümə edilmiş versiyası nümayiş olunacaq.

"Qafqazinfo" xəbər verir ki, filmin ingilis dilində olan versiyasında kadrarxası mətni məşhur britaniyalı aktyor, “OSKAR” mükafatçısı Ceremi Ayrons oxuyur. Azərbaycan dilində olan versiyada mətni Azərbaycanın xalq artisti Rafiq Hüseynov tərəfindən səsləndirilib.

Filmdə Ermənistan nizami ordusunun törətdikləri Xocalı soyqırımının şahidləri olan litvalı hərbi reportyor Riçardas Lapaitis və onun rusiyalı həmkarı Viktoriya İvlevanın faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olmuş şəxslər ilə görüşlərində lentə aldıqları xatirələrdən bəhs edilir, yeni sənədlər, faktlar və xronikalar ilə hadisələrin obyektiv mənzərəsi canlandırılır. Filmdə tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyanın, Qarabağ erməni separatçı hərəkatının lideri Levon Məlik-Şahnəzaryanın, Xocalıya hücüm əməliyyatının rəhbəri general Arkadi Ter-Tadevosyan və rus yazıçısı və ictimai xadim Yuri Pompeyevin müsahibələri də yer alıb.

Qeyd edək ki, film ABŞ-ın “Accolade Film Competition” adlı nüfuzlu kino nəşrinin “Global Film Awards” müsabiqəsinin “Humanitar mükafatı”nın, Madrid Tenerife Beynəlxalq Film Festivalının “Ən Yaxşı Sənədli Film”, Milan Beynəlxalq Film Festivalında “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyalar üzrə qalibi olub.

“Sonsuz Dəhliz” filmi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət !” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə xarici dillərə tərcümə edilərək dünyanın bir çox ölkələrində təqdimatı keçirilib.

Xatırladaq ki, “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin ilk premyerası Londonda 2014-cü il iyulun 1-də Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) baş tutub. Həmçinin, ötən il fevralın 26-da Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Nizami Kino mərkəzində nümayişi keçirilib. Hər iki tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi