“Sosial həyatda özlərini idmançı kimi aparmırlar” - “Qarabağ”ın məşqçisi

“Sosial həyatda özlərini idmançı kimi aparmırlar”
Oxunma sayı: 997

"Bilirsiniz ki, Azərbaycan klubu ilk dəfədi Çempionlar Liqasında iştirak edir və bu, gənc oyunçular üçün böyük təcrübədi. Düşünürəm ki, oyundan-oyuna futbolçularımız təcrübə qazanacaqlar". "Qafqazinfo" xəbər verir ki, bu sözləri "Qarabağ"ın məşqçisi Aftandil Hacıyev deyib.  

Ağdam klubunun 19 yaşlılardan ibarət komandası UEFA Gənclər Liqasının III turunda öz meydanında "Atletiko"nu qəbul edib. Qarşılaşma Madrid təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Oyundan sonra jurnalistlərə açıqlama verən gənc çalışdırıcı fikirlərini bildirib:

"Belə oyunlar futbolçulardan böyük güc tələb edir və gənclərimiz indi-indi buna öyrəşirlər. Biz əvvəlcədən hansı komandaya qarşı oynayacağımızı bilirdik. Fikrimcə, futbolçularımız rəqibə çətin anlar yaşada bildilər, bəzi epizodlar zamanı hesab arasında fərqi azaltmaq imkanımız var idi. Biz qrup mərhələsində oynamaq üçün tam hazır olmasaq da, böyük təcrübə toplayırıq". 

- Təcrübəli komandalarla oyunlarda məşqçilər və futbolçular nə qazandılar?

- Futbolçular oyundakı sürəti hiss edirlər, rəqibin üstün cəhətlərini və komanda şəkilində müdafiə olunmağı görürlər. Təbii ki, bu təcrübə bizə qarşıdakı matçlarda fayda verəcək. 

- Azərbaycanlı futbolçular Avropa klublarında özlərini göstərə bilmirlər. Komandanızın heyətində xarici ölkədə top qovmağa layiq futbolçu görürsünüz?

- Bilirsiniz ki, Gənclər Liqasında limitlə bağlı problemlərimiz var. Ancaq elə futbolçularımız var ki, gələcəkdə müəyyən səviyyəyə çata bilərlər. Amma onlar çox çalışmalı və fərdi şəkildə üzərlərində işləməlidirlər. Bundan başqa, sosial həyatdan ayrı qalmalı və idmana olan baxışlarını dəyişməlidirlər. Bəzi futbolçuların perspektivi var, amma baxırsan ki, sosial həyatda özlərini idmançı kimi aparmırlar və 21 yaşda itib-batırlar. Düşünürəm ki, gənc futbolçular təcrübə artırmaq üçün yüksək liqada oynamalıdılar. Amma bizim çempionatda 8 komanda mübarizə apardığı üçün şans yaranmır. İnanıram ki, 2-3 ilə hansısa gənc futbolçumuz ortaya çıxacaq.

- Rəşad Sadıqovu məşqçi kimi əvəzləmək necə hiss idi?

- Paltardəyişmə otağında Rəşadla bir yerdə idik. Ümumiyyətlə, bu oyuna bir yerdə hazırlaşmışıq. Deyərdim ki, Sadıqov məşqçiliyə çox həvəslidi. Onu əvəz etməyə hər zaman hazırıq. Bu gün də çalışdıq ki, futbolçular onun yoxluğunu hiss etməsinlər. İkinci səbəbi də o idi ki, Rəşad axşam "Atletiko"nun əsas komandasına qarşı meydana çıxa bilər. Bu baxımdan qərara gəldi ki, fiziki güc sərf etməsin və bu işi mənə tapşırdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi