Sosial xidmətlərin göstərilməsi sahəsində beynəlxalq təcrübə öyrənilir

sosial-xidmetlerin-gosterilmesi-sahesinde-beynelxalq-tecrube-oyrenilir
Oxunma sayı: 651

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovun iştirak etdiyi səfər çərçivəsində Xorvatiya Respublkasının Avropa İttifaqına üzvlük prosesində əsaslı islahatlar aparılan sosial xidmət sisteminin strukturu, dövlət və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq formaları, sosial sifariş mexanizmi öyrənilir.

Xorvatiya Respublikasının Xarici və Avropa Məsələləri Nazirliyində keçirilən görüşdə ölkələrimiz arasında qurulan yüksək səviyyəli ikitərəfli əlaqələrin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Sosial Siyasət və Gənclər Nazirliyində keçirilən görüşdə sosial xidmətlərin göstərilməsi sahəsində Xorvatiya Respublikasının təcrübəsi, dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlıq prinsipləri, sosial sifariş modeli, keyfiyyət monitorinqi və s. məsələlər müzakirə edilib.

Dünya Bankının Zaqreb Ofisinin rəhbəri Hanqju ilə keçirilən görüşdə Bankın Xorvatiyada həyata keçirdiyi institusional islahatlar, xüsusilə sosial rifah sisteminin inkişafı ilə bağlı 2005-2011-ci illərdə icra olunmuş iri sosial yönümlü layihə barədə ətraflı məlumat verilib.

Keçirilən görüşlərdə İlqar Rəhimov və Hadı Rəcəbli Azərbaycanda son illərdə həyata keçirilən sosial-iqtisadi islahatlar və əldə olunmuş nailiyyətlər, eləcə də sosial xidmətlər sahəsində dövlət və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı çərçivəsində icra edilən layihələr barədə ətraflı məlumat veriblər. Yeni qəbul olunmuş “Sosial xidmət haqqında” Qanun barədə ətraflı danışan nümayəndə heyətinin üzvləri sənədin mütərəqqi beynəlxalq təcrübə və sosial xidmət modelinə əsaslnandığını qeyd ediblər.

Cari il iyun ayının 3-dək davam edən səfərdə Əmək və Pensiya Fondu naziri, Uşaq Hüququları üzrə Ombudsman, Ədliyyə Nazirinin müavini, BMT-nin İnsan Hüquqları Ofisinin rəhbəri, ixtisaslaşmış QHT-lərin rəhbərləri ilə görüşlərin və Xorvatiyada son illərdə yaradılan müasir icma əsaslı sosial xidmət mərkəzlərinə səfərlərin keçirilməsi nəzərdə tutulur.